Şəmkirdə məmurun törətdiyi qanlı olay ört-basdır olunur - Fotolar

3 Sentyabr 2014 20:29 (UTC+04:00)
Bu il avqust ayının 5-də Şəmkirdə Maliyyə İdarəsinin rəisi tərəfindən torədilmiş qanlı olayın təfərüatı məlum olub.


Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Rayondakı mənbələrdən "AzerFax"a(AFA) verilən məlumata görə, bıçaqlanan Z.Tağıyev N.Məlikovun uşaqlıq dostudur və bələdiyyənin keçmiş sədridir. Lakin münaqişə heç də N.Məlikovla Z.Tağıyev arasında baş verməyib. Hadisənin şahidi olmuş şəxslər iddia edirlər ki, keçmiş idarə rəisi hazırda bələdiyyə sədri olan, qaynı Cəfərov Rafiq Məhəmməd oğlunu bıçaqlamaq istəyib. Z.Tağıyev onu saxlamağa çalışsa da nəticədə bıçaq ona dəyib. Rafiq Cəfərov isə hadisə yerindən uzaqlaşıb.



Cinayət əməlinə səbəb isə N.Məlikovla bələdiyyə sədri R.Cəfərov arasında yaranmış mübahisədir. Belə ki, uzun illərdir qeyri-rəsmi olaraq ortaq kimi çalışan şəxslər qəfildən düşmənə çevriliblər. Məlumatlı mənbələr iddia edirlər ki, Nazim Məlikov maliyyə idarəsinin risi olduğu vaxtlarda öz şəxsi biznesini də qurub və hətta iş adamlarına müxtəlif məbləğlərdə borc pul verirmiş. Pulun qaytarılma vaxtı əvvəlcədən razılaşdırılsa da N.Məlikov qısa müddətdən sonra pullarını geri istəyirmiş. İş adamları, təsərrüfatçılar pulu qaytara bilmədikdə N.Məlikov onlara məxsus torpaq sahələri və istilik komplekslərini mənimsəyirmiş. Onun mənimsədiyi istilik komplekslərindən birinin 4.5 milyon qiyməti olduğu bildirilir. Konkret olaraq R.Cəfərovla münaqişəyə gəldikdə, Şəmkir sakinlərindən biri əməkdaşımıza bunları danışıb: "Nazim Məlikov Rafiqlə şərik idi. Həm də onun bələdiyyə sədri seçilməsində onun böyük rolu olub. Aralarındakı münaqişənin arxasında isə "Düyərlipetrol" yanacaqdoldurma məntəqəsi dayanır. Yanacaqdoldurma məntəqəsinin sahibi Rafiq Cəfərov olsa da onun gəlirinə Nazim Məlokovla şərik idi. Lakin bununla kifayətlənməyən N.Məlikov şərikindən tələb edib ki, "Düyərlipetrol"u ona versin. R.Cəfərov isə bununla razılaşmayıb və özünə məxsus obyekti kiməsə verməyəcəyini bildirib. Bundan əsəbləşən N.Məlikov R.Cəfərovla söhbətə gedib və elə oradaca qaynını təhqir edib, onun ünvanına ağır ifadələr işlədib. Biz eşidirdik ki, Nazim Məlikov Rafiqə onu bələdiyyə sədri seçdirdiyini, ona gün-güzaran yaratdığını deyir. İşlətdikləri ağır ifadələrin qarşılığını alanda isə bıçağı çıxarıb Rafiqin üzərinə yeridi. Lakin onları sakitləşdirməyə çalışan keçmiş Bələdiyyə sədri Zakir xəsarət aldı".



Mənbə onu da bildirib ki, yaralı hansısa səbəblərdən vaxtından əvvəl xəstəxanadan çıxarılıb. Hadisə günü polis tərəfindən saxlanılan N.Məlikov isə sonradan sərbəst buraxılıb. Məlumata görə, N.Məlikov R.Cəfərovu yenə də müxtəlif hədələrə məruz qoyur.

Şəmkir sakinləri N.Məlikovun sərbəst buraxılmasının səbəbi kimi onun Əmlak Məsələləri Dövlət Komitəsində çalışan qudasının işə qarışmasını göstərirlər. Biz hələlik həmin şəxsin adını qeyd etmirik. Araşdırmamız davam edir və bir sıra digər məqamlara aydınlıq gətirəndən sonra məsələyə yenidən qayıdacağıq.



"AzerFax"ın əməkdaşı məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsilə əlaqə saxlamağa çalışsa da təəssüf ki, şöbənin 5-38-02 və 5-30-28 nömrələrinə cavab verən olmayıb.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq.

AzNews.az