“Amerikanın İrana qarşı düşmənçiliyi azalmayıb”

5 Sentyabr 2014 16:57 (UTC+04:00)
İranın ali dini lideri ABŞ-la danışıqların davamın istəyir, ancaq...


İranın ali dini lideri Ayətullah Əli Xameneyi hökumətin Qərblə danışıqlara başlamasına razılıq versə də, ümumilikdə bu prosesə ümidsiz yanaşır. Ötən ay İranın xaricdəki səfirləri, rəsmi təmsilçiləri və XİN rəsmiləri ilə görüşdə çıxışında Xameneyi bildirib ki, istisna halları çıxmaqla o qədər də faydalı deyil.

Sitat: "Amerika ilə əlaqə və bu ölkə ilə danışıqların bəzi istisna halları çıxılmaqla İslam Respublikasına faydası yoxdur, əksinə zərərlidir. Hansı ağıllı insan zərərli işin arxasınca gedər?!"

Hazırkı hökumətin Qərblə danışıqlar siyasətini dolayısı ilə bəyənmədiyini qeyd edən ali dini lider daha əvvəllər də Amerika ilə baş tutan danışıqların nəticəsiz qaldığını xatırladıb: "Bəzi şəxslər deyirdilər ki, əgər Amerika ilə danışıq masasında otursaq, bütün problemlərimiz həllini tapacaq. Əlbəttə, mən belə olmayacağını bilirdim və son bir ilin təcrübəsi yenə bunu göstərdi. Keçmişdə bizim hökumət məmurları ilə Amerika rəsmiləri arasında heç əlaqə olmamışdı, amma son bir ildə nüvə məsələsinin həssaslığını nəzərə alaraq qərara alındı ki, XİN səviyyəsində görüşlər və danışıqlar aparılsın. Amma bu görüşlərdən hər hansı fayda gəlmədi. Əksinə, amerikalıların danışıq tərzləri daha da sərtləşdi və onlar həm görüşlərdə, həm də ümumi çıxışlarında daha tələbkar oldular, bizdən tələbləri bir az da artdı. Onlar düşmənçiliklərini nəinki azaltmadılar, əksinə sanksiyaları daha da artırdılar. Əlbəttə onlar "bu sanksiyalar yeni sanksiya deyil" deyirlər amma həqiqət budur ki, bunlar yeni sanksiyadır və danışıqlar bu barədə heç fayda verə bilməyib".

Xameneyi onu da bildirib ki, nüvə danışıqları davam edəcək, ancaq o, Qərbin İrana qarşı düşmən münasibətinin də davam edəcəyini deyib: "Əlbəttə, mən danışıqları dayandırmağa aid heç nə demirəm və indiki qrup işini bütün gücü ilə irəli aparsın. Bu danışıqlar bizə çox qiymətli təcrübə verir ki, amerikalılarla oturub-durmaq, bir masa arxasında müzakirə aparmaq onların bizə qarşı olan düşmənçiliyini azaltmır və heç bir faydası yoxdur. Bu işlər dünya xalqları və dövlətləri qarşısında qeyri-dəqiq təqdim olunur və qərblilərin güclü mediası bizi ikili mövqedə və passiv göstərir".

Müsavat