Murtuz Ələsgərovun vəfatının 40-cı günüdür

14 Sentyabr 2012 11:09 (UTC+04:00)
Bu gün Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərovun vəfatından 40 gün keçir. APA-nın məlumatına görə, bu münasibətlə mərhumun yaşadığı ünvanda mərasim keçirilir. Mərasimdə mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, Milli Məclisin üzvləri, Prezident Administrasiyasının əməkdaşları, həmçinin ictimai xadimlər iştirak edir.

Qeyd edək ki, M. Ələsgərov uzun sürən xəstəlikdən sonra avqustun 7-də dünyasını dəyişib. M. Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb.

Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

AzNews.az