Azərbaycan şirkətinin adı cinayət işində

14 Sentyabr 2012 15:02 (UTC+04:00)


Azərbaycanda korrupsiya cinayətlərinə yol verən daha bir şirkətin işi məhkəməyə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a məlumat verilib.

Məlumata görə, "Euro-Azia-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İstintaqla müəyyən edildiyi kimi İ. Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıb. İ. Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya onların iş yeri və banklarda şəxsi hesablarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı törədib.

İ. Yusifov və M. Qasımova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sevinc
AzNews.az