“Baku Steel Company”dən partlayışla bağlı – AÇIQLAMA

17 Sentyabr 2014 08:41 (UTC+04:00)
Bu barədə AzNews.az-a şirkətin mətbuat katibi Namiq Əhmədov məlumat verib. O, bildirib ki, zavoddakı bədbəxt hadisə nəticəsində zərərçəkmiş şəxlərə kompensasiyanın verilməsi gözlənilir.

"Təbii ki, onlara kompensasiyanın verilməsi müzakirə obyektidir. Bütün bunlar şirkətin əmək təhlükəsizliyi qaydalarında öz əksini tapıb. Odur ki, onlara kompensasiyanın verilməsi gözlənilir"-deyə Namiq Əhmədov bildirib.


Bundan başqa xəstəxanaya yerləşdirilən əməkdaşlarının müalicə xərclərinin də ödəndiyini deyən N.Əhmədov hazırda iş üzrə istintaq tədbirlərinin davam etdiyini söyləyib.

Xatırladaq ki, Sentyabrın 15-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Baku Steel Company" MMC-nin oksigen sexində hava ayrıcı qurğunun əsaslı təmiri zamanı baş vermiş partlayış nəticəsində həmin sexin rəisi Hüseynov Rasim Cümşüd oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2-ci poladəritmə sexində operator işləyən Bayramov Sahil Nəriman oğlu və həmin sexdə bənna işləyən Ağayev Zəfər Rəhman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq "Baku Medical Plaza" klinikasına yerləşdiriliblər. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Gültəkin ƏLƏSGƏR