“Bakı” tovuzlularla bacarmadı

15 Sentyabr 2012 07:43 (UTC+04:00)
Futbol üzrə Azərbaycan premyer-liqasının 5-ci turuna start verilib. İlk oyun günü çərçivəsində yalnız bir oyun baş tutdu.

"Bakı" – "Turan" (Tovuz) (1:1)
Qollar: İbrahim Karqbo, 38 / Ender Günlü, 47.

Oyundan sonra keçirilən mətbuat konfransında komandaların baş məşqçiləri görüş barədə öz fikirlərini bölüşdülər.

Bojidar Bandoviç, "Bakı"nın baş məşqçisi: "İkinci qələbəmizi qazana bilərdik. Komandam yaxşı mübarizə apardı. Rəqibimiz müdafiədə oynamağa üstünlük verirdi və qol buraxmamağa çalışırdı. İkinci hissədə çox tez qol buraxdıq. Qol vurmaq üçün bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Futbolçularıma heç bir iradım yoxdu. Bu futboldur - bəzən elə olur ki, yaxşı oynayan komanda da qalib gələ bilmir. Tam müdafiədə oynayan komandaya qarşı mübarizə aparmaq çətindir. Qarşıdakı turlara daha yaxşı hazırlaşmağa çalışacağıq".

Əsgər Abdullayev, "Turan"nın baş məşqçisi: "Rəqib güclü komanda idi. Ona görə də əks hücumda oynayırdıq. "Bakı" isə 3 xal üçün oynayırdı. Biz də buna görə rəqibi əks hücumda yaxalamaq istəyirdik. Komandamda müəyyən çatışmazlıqlar var. Futbolçularıma əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirəm. İlk hissədə daha təcrübəli Hafiz Əliyevi meydançaya buraxdım ki, topu daha çox saxlaya bilək".

Onu da qeyd edək ki, bu gün premyer-liqanın daha 4 oyunu keçiriləcək:

"Kəpəz" - "Qəbələ". Gəncə şəhər stadionu

"İnter" – "Sumqayıt". "Şəfa" stadionu

"Rəvan" – "Simurq". "Bayıl-Arena"

"Neftçi" – "Xəzər Lənkəran". İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Emin Abbasov
AzNews.az