Putin Avropaya meydan oxudu: “İstəsəm, Riqanı, Vilnusu... ”

18 Sentyabr 2014 15:00 (UTC+04:00)

Rusiya prezidenti Putin yenidən Avropanı təhdid edib. AzNews.az xəbər verir ki, o, rus qoşunlarının iki gün ərzində Kiyevdən başlayaraq bir sıra Şərqi Avropa şəhərlərinə ola biləcəyini söyləyib. Alman mediasının yazdığına görə, bu barədə Avropa Birliyinin xarici xidmətlərindən birinin bəyanatında qeyd olunub. Həmin məlumatda bildirilir ki, Putin Ukrayna prezidenti Pyotr Poroşenkonu hədələyərək deyib: "İstəsəm, iki gün ərzində qoşunları təkcə Kiyevə yox, Riqa, Vilnus, Tallin, Varşava və Buxarestə yollaya bilərəm".

Poroşenko da öz növbəsində Putinlə söhbəti barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozuya məlumat verib. Deyib ki, V. Putin ona Avropa Birliyinə çox güvənməməyi məsləhət görüb. Putin bildirib ki, istəsə Avropa Şurasının qərarlarını blok edə bilər.

Rusiya prezidentinin budəfəki bəyanatı Joze Manuel Barrozu ilə telefon danışığını xatırladıb. Putin Avropa Komissiyasının sədri ilə söhbətində də qeyd etmişdi ki, istəsə iki həftə ərzində Kiyevi ələ keçirə bilər. Avropa Şurasının avqust ayında keçirilən sammitində Barrozu bu barədə Avropa ölkələrinin nümayəndələrinə məlumat vermişdi. Bundan sonra rəsmi Kreml Barrozu şəxsi söhbəti ictimailəşdirməkdə günahlanıdırmışdı.

İlkin PİRƏLİ
AzNews.az