Komitədən atılmış uşaqlarla bağlı – AÇIQLAMA + STATİSTİKA

23 Sentyabr 2014 13:55 (UTC+04:00)

Rəsmi statistikaya görə, 2007-2014-cü ildə ölkələrarası övladlığa götürülən qız uşaqlarının sayı 25 nəfər olub. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova AzNews.az-a açıqlamsında bildirib ki, 2012-ci ildə internat evində yetim və valideyn himayəsindən məhrum olan 976 uşaq təlim və tərbiyə alıb. Onun sözlərinə görə, 2013-cü ildə bu rəqəm 756 olub. Halbuki, bu göstərici 2011-ci ildə 1259-a çatıbmış.

"Yəni göründüyü kimi illər üzrə internat evlərinə atılan uşaqların sayında azalma müşahidə olunur. Bununla yanaşı övladlığa götürənlər də az deyil. Məsələn, 2007-ci ildən 2014-cü ilə kimi 40 xarici ailəyə Komitə tərəfindən övlad verilir. Təbii ki, söhbət xarici vətəndaşlara övlad verilməsindən gedir. Bildiyimiz kimi, Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli, 172 saylı qərarına əsasən, valideyn himayəsindən məhrum olan uşaqların ilkin uçotunu yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları, mərkəzləşdirilmiş uçotunu isə 3 yaşa qədər olan uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə Təhsil Nazirliyi həyata keçirir. Azərbaycan respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparır. Yəni 2007-2014-cü illər ərzində 42 uşaq övladlığa verilib. Övladlığa götürürlənlərdən 25 nəfəri qız, 17 nəfər isə oğlan olub".

O, son illər övladlığa uşaq götürənlərin əsasən Rusiyada yaşayan azərbaycanlılar olduğunu söyləyib:
"Bu il internat evindən iki nəfər xarici ölkə vətəndaşına övladlığa verilib. Onlardan biri Gürcüstan, digəri isə ABŞ vətəndaşıdır. Buna baxmayaraq internat evindən uşaq götürmək istəyənlər arasında Rusiyada yaşayan azərbaycanlılar da az deyil".

Xarici vətəndaşlara övladlığa verilənlər arasında hələ ki, heç bir uşağın geri qaytarılmadığını deyən Komitə rəsmisi bunu məsələyə ciddi nəzarət mexanizminin olması ilə izah edib.

Gültəkin ƏLƏSGƏR