Ayaz Mütəllibov Jirinovskinin səfərindən danışdı...

29 Sentyabr 2014 13:17 (UTC+04:00)


"Azərbaycan prezidenti də Rusiyaya nə demək və nə istəmək lazım olduğunu çox qəşəng bilir"

Eks-prezident Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında Vladimir Jirinovskinin Bakı səfərini şərh edib:

"Əlbəttə ki, bu səfər müsbət qiymətləndirilməlidir. Nəzərə almalıyıq ki, Jirinovski Rusiyada, eləcədə xaricin özündə də qalmaqallı açıqlamalarına baxmayaraq görkəmli siyasi xadim kimi tanınır və bütün dünyada da hamı bilir ki, onun fikirləri əbəs yerə deyilmir. Yəni onun dedikləri uzun illər boyu Kremllə əlaqəli fikirlər kimi qəbul olunur. Ona görə də belə bir statuslu adamın Azərbaycana gəlməsi və prezident tərəfindən qəbul edilməsi təsadüfi deyil, əksinə, başadüşüləndir. Yəqin ortada hansısa maraqlar var və belə bir səfəri zəruri edən məqamlar yaranıb. Biz hər birimiz ölkəmizin milli mənafeyindən və dövlətçilik maraqlarından çıxış edərək bu səfərə qiymət verməliyik. Mən mətbuatdan oxuyuram, müxtəlif fikirlər var, Onun gəlişini tənqid edənləri də anlamaq lazımdır, ancaq bu cür fikirlər qeyri-ciddidir. Ciddi fikir odur ki, siyasətdə daimi dostluq və ya düşmənçilik yox, daimi maraqlar var. İndi görünür ki, Rusiyanın müəyyən maraqları var ki, onun diliylə ifadə edilməsini məsləhət bilirlər, yəqin ki, bizim də qarşılıqlı maraqlarımızın nədən ibarəd olduğunu Moskva bilir. Odur ki, bu səfərin ikitərəfli münasibətlərə müsbət dinamika verəcəyi qənaətindəyəm. Çünki Azərbaycan prezidenti də Rusiyaya nə demək və nə istəmək lazım olduğunu çox qəşəng bilir"