Üç aylıq həsrət- VİDEO

30 Sentyabr 2014 20:54 (UTC+04:00)


ANS TV olaraq biz bu məsələyə təsadüfən qayıtmadıq. Girovluqda olan Dilqəm Əsgərovun bu gün ad günüdür.

Dilqəmin 54 yaşını onun qardaşı ailəsində sadəcə qeyd edirlər. Sevincsiz, şadyanalıqsız. Amma özü heç vaxt ad günü keçirməyi xoşlamayıb. Hər halda qardaşı xatırlayır ki, ad günü səbəbilə heç vaxt bir süfrə ətrafında toplaşmayıblar.

Üstünə 54 rəqəmi yazılmış tortu görəndə nədənsə yadıma səbəbkardan çox Azərbaycan və onun bir parçası olan Kəlbəcər düşdü. Bəli, Azərbaycan adlı piroq, onun Kəlbəcər adlı bir dilimi, düşmən iştahası və 20 ildən artıq həsrət. Dilqəmi erməni əsirliyinə aparan səbəblərdir. Hər halda, təfərrüatlara varmaq üçün danışmaq lazım gəlirdi. Amma Dilqəm Əsgərovun böyük qardaşı Sahib müəllim heç cür hisslərinə sahib çıxa bilmədi. Ad gününü erməni əsirliyində keçirməyin acısı 60 yaşlı ağsaqqalı uşaq kimi kövrəltdi.

"Məktubda da yazmışdım ki, ad günü təbrik edirəm", deyə Sahib Musayev kövrələrək dedi.

Sonuncu dəfə qardaşına yazdığı məktuba hələ də cavab almayıb Sahib müəllim. Amma onları məyus edən tək bu deyil. Aİlə girovun səhhəti ilə bağlı problemlərinin olduğu qənaətindədir. Buna Dilqəm Əsgərovun sonuncu dəfə göndərdiyi şəkil əsas verir.

"Onun hardasa 120 kilo çəkisi var idi. Bir neçə gün ora gedib-gəlməyi tutaq ki, 5-3 kilo itirmiş olsun. O, tutulmamışdan əvvəl ermənilərin yayımladığı videodakı Dilqəmlə son şəkildəki Dilqəm arasında böyük bir fərq var", Sahib Musayev deyir.

Qısası, yaxın qohumları hesab edir ki, beynəlxalq təşkilatlar girovların qaytarılması üçün səylərini artırmalıdırlar. Beynəlxalq Qızıl Xaç Komitəsində isə düşünürlər ki, qurum təmsilçiləri mütamadi olaraq girovlara baş çəkir. Onların ailələri ilə yazışmalarında iştirak edir, saxlanma şəraiti ilə maraqlanır.

Amma əsir və girovların saxlanma şəraiti haqda açıqlama vermək Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına daxil deyil. Bunu qurumun mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova ANS-ə açıqlamasında dedi. Hər halda, ümid edək ki, girovlarımız ən qısa zamanda sağ-salamat qaytarılacaq. Buna inanaq və əsir Dilqəm Əsgərova azı bir əsr ömür arzulayaq.



AzNews.az