Ramin Musayev açıqlama verdi

17 Sentyabr 2012 12:41 (UTC+04:00)


Azərbaycan Premyer Liqasında teleyayımla bağlı problem tam olaraq aradan qaldırılıb. Bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Qeyd edək ki, PFL-lə telekanallar razılığa gəlinmədiyindən çempionatın ilk dörd turunun heç bir matçı canlı göstərilməmişdi. PFL prezidenti ilk olaraq yayım hüququnu telekanallara 500 min manata satacağını bildirsə də, sonradan güzəştə gedəcəyini demişdi.

Ramin Musayev Qol.Az saytına bildirib ki, beşinci turdan etibarən çempionatın oyunlarının yayımlanması ilə bağlı razılıq əldə olunub: "Son turda iki oyun göstərildi. Bundan sonra bütün turlarda bəzi oyunlar canlı yayımla nümayiş etdiriləcək". Premyer Liqanın yayım hüququnun AzTV və "İdman Azərbaycan" kanalına verildiyini deyən PFL prezidenti əlavə edib ki, bu hüquq sözügedən kanallara satılmayıb, hədiyyə olunub.

AzNews.az