İsrail Türkiyəyə vasitəçi göndərib

17 Sentyabr 2012 12:56 (UTC+04:00)


Baş nazir Rəcəb Tayyib Ərdoğan Bosniya-Hersoqovinadan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. "Müsəlmanın məsumiyyəti" adlı filmdən sonra yaşanan gərginliklə bağlı sualın cavabında baş nazir Türkiyənin ansisemitizmi cinayət saydığını, Qərbin isə hələ də islamofobiyanı bəşəri cinayət saymadığını bildirib: "İnsanların müqəddəs dəyərlərinə hücumlarla bağlı beynəlxalq və milli səviyyələrdə qərarlar qəbul edilməlidir. BMT-də bu məsələni gündəliyə gətirib, mesajlar verəcəyəm".

Ərdoğan filmə Türkiyədən verilən reaksiyaların daha məhdud olması haqsa suala da cavab verib: "Bizim verdiyimiz mesajlar var. Cəmiyyət bu mesajlara baxır. Sizin mesajınız yoxdursa, o zaman xalq küçəyə tökülür".

Baş nazir Türkiyədə dəyərlərin, inancların təhqirinin cinayət sayılmasını nəzərdə tutan hüquqi aktlar üzərində iş getdiyini deyib:"Qanunlara boşluq varsa, onları aradan qaldırmaq lazımdır. Türkiyə bu məsələdə öncüllük edəcək. Mən antisemitizmi bəşəri cinayət edən, xalqının az qala hamısı müsəlman olan bir ölkənin baş naziriyəm".

Ərdoğan İsraillə əlaqələrə də toxunub. Baş nazir normallaşma üçün İsrailin dünyadakı ən varlı yəhudini Türkiyəyə göndərdiyini deyib: "Bu adam normallaşma üçün vasitəçi olacaqmış. Ona üç şərtimizin olduğunu dedim - İsrail üzr istəyəcək, təzminat ödəyəcək və Fələstin-Qəzza üzərindəki mühasirəni qaldıracaq".

Hökumət başçısının "Suriyada Əsəd gedərsə, nə olacaq" sualına cavabı da konkret olub: "Demokratiyadan danışırıqsa, o gedincə xalq kimi istəsə, o gələcək. Xalqın istədiyi gəldiyi andan etibarən iş bitib. Amma onlar idarə edəcəkləri birini axtarırlar".

Daxili siyasətə dair sualları da cavablandıran baş nazir Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun Afyonkarahisardakı partlayışla bağlı iddialarına da münasibət bildirib: "Bu adamla heç bir şey danışılmaz. Mən danışacağam, amma danışmayım".

AzNews.az