Arif Qazıyev: “Televiziyalar həm Aygün Kazımovaya, həm də mənə hörmətsizlik etdilər”

18 Sentyabr 2012 06:33 (UTC+04:00)
"Fransanın məşhur aktyoru Jerar Depardye neçə gündür ki, Bakıda səfərdədir. Bu günlərdə onunla görüşəcəm". Bunu AzNews.az-a Muğam Teatrının bədii rəhbəri Arif Qazıyev dedi.

Onun sözlərinə görə, bu görüşdə məqsəd "Natəvan" filmi ilə bağlı fransız aktyorunun fikrini öyrənməkdir: "Mən ona "Natəvan" filmini təqdim edəcəm. Baxsın, öz rəyini desin. Düzdür, çox istərdim ki, həmin filmdə Fransa aktyoru çəkəm. Amma maliyyə olmadığından biz həmin filmə Fransada yaşayan azərbaycanlı aktyoru dəvət etdik".

Bundan təəssüflənən rejissor "Natəvan" filminin yayımı ilə bağlı efirlərdən giley-güzar etdi: "Natəvanın yubileyi oldu. Mən onunla bağlı çəkdiyim filmi efirlərə təqdim elədim. Telekanallarda onunla bağlı heç nə yoxdur. Fikirləşdim ki, yəqin verərlər. Amma vermədilər. Niyə? Bu qədər paxıllıq olmaz axı. Maraqlananda dedilər ki, yayıma reklam şirkəti icazə verməlidir. Bunlar reklamlarını da şirkətlərə satıblar, əllərində heç nə qalmayıb. Nə istəyirlərsə, onu da verirlər. Monopoliyadır. Orada Aygün Kazımova oynayırdı. Bundan başqa Azərbaycan muğamı təbliğ olunurdu. Heç olmasa bunların da xətrinə vermədilər. Bütün bunlar həm Aygünə, həm muğama, həm də Arif Qazıyev sənətinə hörmətsizlikdən savayı bir şey deyil".

Bahar
AzNews.az