Qambiya və Nigeriya yığmaları da Bakıya gəldi

18 Sentyabr 2012 12:44 (UTC+04:00)
AzNews.az xəbər verir ki, ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının açılışına 4 gün qalmış yarışa qatılacaq iştirakçı komandaların ölkəmizə gəlişi davam edir.

Kanada, Kolumbiya və Çin milli yığmalarının ardınca U-17 qadınlardan ibarət Qambiya və Nigeriya milli komandaları da artıq Azərbaycana gəlib. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb.

Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq qonaqları salamlayaraq gül dəstələri təqdim edib, qonaqpərvərliyini nümayiş etdirib.

Daha sonra qrup şəkli çəkdirən futbol üzrə U-17 qadınlardan ibarət Qambiya və Nigeriya milli komandalarının oyunçuları və nümayəndə heyəti böyük ruh yüksəkliyi ilə qalacaqları otellərə doğru yola düşüblər.

Qeyd edək ki, komandaların heyəti bu cür diqqətli və qonaqpərvər qarşılanmadan, mehriban münasibətdən məmnun olduqlarını nümayiş etdiriblər.

AzNews.az