Son günlərin isti havası anomal sayıla bilərmi?

18 Sentyabr 2012 14:39 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hazırda müşahidə edilən hava şəraitinin sentyabr ayı üçün xarakter olub-olmamasına aydınlıq gətirib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın verdiyi məlumata görə, artıq bir necə gündür ki, ölkə ərazisinə cənubdan daxil olan hava kütlələri hava şəraitinin mülayim keçməsinə səbəb olub. Hazırda havanın temperaturu iqlim normasından 2,8 dərəcə yüksəkdir.

"Abşeron yarımadasında günorta saatlarında 30-31, Aran rayonları və Naxçıvanda 33-34, dağlıq rayonlarda 20-24 dərəcə isti müşahidə olunsa da, bunu ciddi anomal isti hava şəraiti kimi qiymətləndirmək olmaz. Çünki Azərbaycanda son 10 il ərzində sentyabr ayında bundan da yüksək temperaturlar qeydə alınıb. 2003-cü il sentyabrın I ongünlüyündə havanın temperaturu normadan 6-7 dərəcə yüksək olub. Həmin il sentyabrın bəzi günlərində havanın temperaturu sentyabr üçün səciyyəvi olmayan həddə - 38 dərəcəyə çatıb", - Tağıyeva deyib.

Tağıyeva bildirib ki, adətən, yayın isti günlərindən sonra sentyabrın 7-10 günündə mülayim istilər müşahidə edilir. "Bunu da sentyabr üçün "xoş dövr" hesab etmək olar. Hər il, adətən, bu "xoş dövr" sentyabrın I ongünlüyündə olur. Amma bu il sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin oldu", - direktor deyib.

O əlavə edib ki, ölkə ərazisində mülayim isti hava şəraiti sentyabrın 22-dək davam edəcək. Yaxın 3-4 gün ərzində hava şəraitində dəyişiklik olmayacaq. Sentyabrın 22-dək Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, bəzi saatlarda isə günəşli olacaq. Havanın maksimum temperaturu 28-32 dərəcə isti olacaq. Bu müddət ərzində güclü külək də gözlənilmir.

Sentyabrın 22-dək respublikanın bir çox rayonlarında da hava şəraiti yağmursuz olacaq. Lakin respublikanın dağlıq ərazilərində - Böyük Qafqazın dağlıq rayonlarında lokal qısamüddətli yağışlar yağacaq. Tağıyeva belə hava şəraitinin sentyabr ayı üçün səciyyəvi olduğunu da söyləyib.

AzNews.az