Dillər Universitetində ciddi maliyyə yeyintisi aşkarlandı

19 Sentyabr 2012 09:21 (UTC+04:00)


Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.

Palatadan AzNews.az verilən məlumata görə, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.

Kollegiya iclasında aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi məsələsi də təsdiq edilib.

Bununla yanaşı, iclasda həmçinin Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Sosial müdafiənin inkişafı Layihəsi"nin cari icra vəziyyətinə dair Analitik Təhlilin nəticələri də geniş müzakirə olunaraq təsdiq edilib.

Ədil Hüseynli
AzNews.az