Yüksək çinli məmur kasıb qızı öz oğluna necə arvad etdi?

20 Sentyabr 2012 07:02 (UTC+04:00)


Qanunsuz nikahlar, məqsədli şəkildə qurulan ailələr və onların yaratdığı fəsadlar barədə yazmışıq. Bəs görəsən, qanunsuz nikahlar necə həyata keçirilir? "Zəif cinsin" nümayəndəsinin iştirakı olmadan nikahların bağlanması nəyin göstəricisidir? Qanunlarda olan boşluq, yoxsa qanunların tanınmaması?

Nikah şəhadətnaməsində faktlar saxtalaşdırılır

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev saxta nikahlar bağlamağın mümkün olmadığını bildirdi: "Ancaq elə hallar olur ki, ailə qurmaq üçün yox, müəyyən məqsədlərlə nikaha daxil olurlar. Məsələn ev alqı-satqısı, qeydiyyata düşmək və digər məqsədlərlə qadınla nikah bağlayırlar. Əsasən də əcnəbi vətəndaşlar Azərbaycanda asan qeydiyyata düşmək və yaşamaq üçün bu üsuldan istifadə edirlər. Bu digər vətəndaşı aldatmaqla baş verir. Bəzən isə sənədin saxtalaşması halı ortaya çıxa bilir. Belə ki, nikah haqqında şəhadətnamədə ərin və ya arvadın adı, soyadı yerinə başqasının adı, soyadı yazılır, yaxud digər faktlar dəyişdirilir".

Rayonlarda "tanışlıq" qanunları pozur

Əlövsət Əliyev qeyd etdi ki, nikaha daxil olma gələcək ərin və arvadın razılığı ilə baş tutur: "Qanunla qadın da, kişi də nikahda iştirak etməlidir. Ancaq bəzən regionlarda belə hallarda tərəflərinin birinin iştirakı olmadan da belə hadisələr baş verir. Çünki rayonlarda hamı bir-birini tanıyır, tanışlıqla, xahişlə tərəflərdən birinin iştirakı olmadan belə nikahlar kəsirlər. Ancaq paytaxtda bu kimi şeylərin ortaya çıxması çətin məsəldir. Tərəflərin biri olmadan onların arasında nikah bağlanması qanun pozuntusudur".

Birliyin rəhbəri onu da vurğuladı ki, insan alveri və qadınları fahişəliyə cəlb etmək məqsədilə də nikah bağlanılır: "Sonra da onları başqa ölkələrə aparıb məqsədləri üzrə istifadə edirlər. Ancaq bu nikahlar da qanuni yolla, tərəflərin razılığı ilə baş tutur. Nikahda pozuntular qanunla cəzalandırılılan əməllərdir".

Hüquqşünas Kamran Məmmədov isə məsələni belə izah etdi: "İlk əvvəl onu deyim ki, hər bir kəs qanunvericilik tələblərinə uyğun olaraq nəzərdə tutulmuş yaşdan sonra nikaha daxil olur. Bu prosesdə heç kəsin iradəsinə zidd gedərək, onu zorla nikaha daxil etmirlər. Bu, qarşılıqlı və könüllü şəkildə baş verir. Vətəndaşlar lazımi sənədlərlə nikah dairəsinə müraciət edəndən sonra onlar dövlət rüsumu ödəyir, qeydiyyata alınır. Sonra daha yaxşı düşünüb qərar vermək üçün onlara bir ay müddətində vaxt verilir. Bu müddət tamam olandan sonra tərəflərin razılığı ilə nikah rəsmiləşir. Nikahdan sonra onlar artıq qanuni ər-arvad hesab olunur".

"Qadın kişiylə qeyri-rəsmi yaşayırsa, bu, onun öz günahıdır"

K. Məmmədov deyir ki, əgər bir qadın hər hansı kişiylə qeyri-rəsmi yaşayırsa, bu həmin qadının problemidir, burda kişinin heç bir günahı yoxdur: "Olur ki, ailə başqa şərtlərlə, yəni qohumluq, tanışlıq deyib, evdə kiçik bir qonaqlıqla, heç bir nikah olmadan qurulur. Bu da sonrakı problemlərə zəmin yaradır. Əgər kişi və qadın nikahsız bir evdə yaşayırsa, onların dünyaya gələn övladlarının da sənədlərinin alınmasında problemlər ortaya çıxır. Məsələn, doğum şəhadətnaməsinin alınmasında. Bu çox vacib məsələlərdən biridir. Ailə dağılanda isə qeyri-rəsmi nikahdan uşaq dünyaya gələrsə, ata doğum evinə çağırılır. Əgər atanın heç bir narazılığı yoxdursa, onun soyadı övladına verilir".

Rüşvət, yoxsa vəzifə?

Qanunsuz nikah və boşanma hallarına maddiyatın, rüşvətin yol aça biləcəyinə toxunduqda isə hüquqşünas belə qanun pozuntusuna rüşvətdən çox, tanışlıq hallarının səbəb olduğunu bildirdi: "Belə bir qanun pozuntusuyla rastlaşmışdım ki, tanınmış vəzifəli bir şəxsin oğlu bir gözəl xanımla ailə qurmaq istəyib, qız buna razı olmadıqda onu şantaj edib və nə olur-olsun bu nikahın baş tutacağını bildirib. Beləliklə, hansı yollasa qızın şəxsiyyət vəsiqəsinin surətini əldə edib, yalançı imzayla onu nikaha salmışdılar. Burda da hökumət orqanları birbaşa məsuliyyət daşıyırlar, belə ki, qanun pozuntusuna qol qoyurlar".

Sevinc Fədai
AzNews.az