Eldar Əzizov “Karvan”ın yanmasından danışdı

23 Oktyabr 2014 08:44 (UTC+04:00)


AzNews.az xəbər verir ki, yığıncaqda Sumqayıtdakı "Karvan" ticarət mərkəzində baş vermiş yanğına da toxunulub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, hələ bir il əvvəl 2013-cü ilin oktyabrında "Karvan" ticarət mərkəzində güclü yanğın baş vermiş və o zaman çoxlu mağaza yanmışdı:

"O zaman orada malları yanan ticarətçilərin problemlərilə 2 ay maraqlandıq. Onlara kömək etdik. O hadisədən bir il keşməmiş, bu ilin oktyabrında hadisə yenidən təkrarlandı. Biz hər zaman onlara kömək edə bilmərik, sahibkarlar mallarını sığortalamalıdırlar".

İcra başçısı deyib ki, ticarət mərkəzində çalışanlar qızınmaq üçün standartdankənar sobalardan istifadə edirlər ki, bu da yanğına səbəb olur: "Sonra da deyirlər ki, qəsdən yandırılıb".

Eldar Əzizov Karvan" ticarət mərkəzində mağazaları olan sahibkarları bu hadisələrdən nəticə çıxarmağa və obyektlərini sığortalatmağa çağırıb.

Oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı "Karvan" ticarət mərkəzində yanğın hadisəsi baş verib. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər zəhərlənib.

Oxşar hadisə 2013-cü ilin oktyabrında da baş vermişdi. O zaman da sahibkar Ağamirzə Əhədova məxsus "Karvan" ticarət mərkəzində güclü yanğın baş vermiş və çoxlu mağaza yanmışdı.


AzNews.az