Yetim Eyvaz: “Sağıcısı deputat, mollası alkaş...” - MÜSAHİBƏ- VİDEO

20 Sentyabr 2012 17:40 (UTC+04:00)


Eyvaz Qurbanov – Bu ad heç kimə heç nə demir. Eyvaz Qurbanov tanınmış bir isim deyil. Amma... əslində, şəxsiyyət vəsiqəsində bu adı daşıyan adamı əksəriyyət tanıyır. Bəziləri onu "dəli şair", bəziləri "sinədəftər adam", bəziləri "Kefli İsgəndər" adlandırır; onu "vergili", "qorxmaz", "sərgərdan həyat keçirən istedad" adlandıranlar da az deyil...

Bu adam birdən-birə məşhurlaşdı. Meyxana, söz savaşını sevən adamların az qala kumirinə çevrildi, onun məclisində iştirak etmək üçün uzun –uzun məsafələr qət etməyə hazır olan insanlar meydana gəldi. Əslində bu adam kimdi, hansı qabiliyyəti ilə məşhurlaşdı, sevildi, tanındı? Niyə şeirləri telefonların zəng səslərini zəbt etdi?

Səsini və haqqında yalnız şayiələr eşitdiyimiz həmin bu tanımadığımız Eyvaz Qurbanov - tanıdığımız Yetim Eyvaz artıq redaksiyamızdadır və "Flash" rubrikasında suallarımı cavablandırır.


- Sizə necə müraciət edək: müəllim, şair, sənətkar?..

- "Şair" desəniz, ustad şairlərdən ayıb olar.

- Özünüzü şair hesab etmirsiz?

- Yox, mən sadəcə düşündüklərimi sıralayıram.

- Sizinlə görüşmək asan başa gəlmədi. Həmişə "məşğul" oldunuz. Nəylə məşğulsuz?

- Yalnız yaradıcılıqla: şeir yazıram, qəzəl yazıram... Bir kitabım çap olunub, bir diskim çıxıb...

- Kitab çap etməyinizə, disk buraxmağınıza kimlər dəstək olub?

-Dost-tanış, dövlət adamları, orqan işçiləri... və sadə insanlar. Onlar arasında xaricdə yaşayanlar da var.

- Onları sizə dəstək olmağa sövq edən nədir?

- Hərənin bir zövqü var. Xoşlarına gəlir qəzəl demək üsulum, ya da hansısa sözlərim.

Əlif Hacıyev mənim dostum idi

- Nə vaxtdan məclislərə getməyə başladınız?

-14-15 yaşımdan məclislərdəyəm . Amma "Yaz yağışı" şeiri ilə tanındım. Sevildim. Başladım başqa şeirlərimi də yazmağa. Gördüyümü yazıram.

- Nə görürsünüz? Cəmiyyətdə sizi nə qane etmir?

- Əslində, indi hər şey normaldır. İnkişaf var, abadlıq işləri çoxalır. Çox xoş günümdü. İranda zindana salınan şairlərimiz vətənə qayıtdı, Ramil Səfərov azad olundu. Hamının gözü aydın ki, Ramil vətəndədir. Ramil həbs olunanda yadıma Milli Qəhrəman Əlif Hacıyev düşdü. O, Xocalıda şəhid oldu. Mən onu öz qardaşımdan da üstün tutmuşam. Ona şeir həsr eləmişəm. Çoxları o şeiri əzbər bilir. Onun şəhid olmasını qardaşım Zöhrabın ölümündən betər hesab edirəm. Cəbhə bölgəsinə dost-danışa baş çəkməyə gedəndə həmişə onunla görüşürdüm.
Günü-gündən irəliləyiş var ölkədə. Hətta tıxacın olmağı belə məni sevindirir: deməli, inkişaf var. Çoxu deyir, yollar xarabdı. Xarabdısa, deməli var, varsa, deməli düzələcək. Bu gün tərif eləməyə çox şey var, nəinki tənqid.

- Bəs, onda "Nə oldu sənə, Azərbaycan", "Nə gündəsən, ay Azərbaycan" şeirlərin nəyə həsr olunub?

- O vaxtkı Sumqayıt hadisələrinə həsr eləmişdim. Mən onda Sumqayıtda yaşayırdım. Hadisələri ermənilər törətsə də, bizimkiləri tutub basırdılar içəri. Mən də dözmədim. İndi həmən adamlar Ramilin gəlişinə don geyindirirlər. Min cür söz çıxarırlar.

- Amma bu son illərin şeridir...

- Mən çoxdan yazıram, amma bir neçə ildir ki, yazdıqlarımı üzə çıxarıram.

- Məncə sizin məşhurluğunuzun əsas səbəbi cəmiyyətdə olan eybəcərlikləri dilə gətirməyiniz, çatışmazlıqlara bədii don geyindirməyinizdir...

- Hə, doğrudur. Nə isə bir şey görən kimi, qəlbimə bir şey toxunan kimi yazıram.

- Amma yuxarıda az qaldı deyəsiz ki, "qəlbinizə toxunan" heç nə yoxdur...

- Var, problemlər də çoxdur, ədalətsizliklər də. Amma Sovet dövrünə baxanda, yenə buna da şükür.

- Hansısa şeirinizdən bir cümlə yadımda qalıb: "Sağıcısı deputat, mollası alkaş..." Bu da Sovet dövründə "bünövrəsi" qoyulan şeirdi?

- Yox, bunu bir-neçə il əvvəl yazmışam.

- İndi danışdıqlarınız bu sualı aktuallaşdırdı: Qorxursuz?

- Yox. Kişi qorxmaz.

- Şeirlərinizə görə sizə bir söz deyən, təzyiq edən olmayıb ki?

-Yox, heç vaxt mənə nəsə deyən olmayıb.

Bir dəfə başımı qaldırıb başqa xanıma baxmamışam

- Tənqidə daha çox qulaq asırlar, ya tərifə?

- Tənqidə. Mirzə Ələkbər Sabiri niyə seviblər? Çünki sözünü deyə bilib. Tənqid – sözünü deyə bilməkdir. Düz deyə bilmək.

Çalış layiqli ol bu təmiz ada,
Təmiz ol, həmişə düşəsən yada,
Onsuz yaşadığımız qoca dünyada
Hər bir kəndin namərdi var, mərdi var,
Bu dünyanın özü boyda dərdi var

Ömür gedir, günlərini say, oğlum,
Dörd tərəfin dəniz, dərya, çay, oğlum,
Bir kişidən borc götürdün, ay oğlum,
Unutma ki, qaytardı var, verdi var,
Bu dünyanın özü boyda dərdi var.


- Nədir bu dünyanın, Azərbaycanın dərdi?

- Hamsı göz qabağındadır. Bu gün bizim dərdimiz çox azalıb. Qarabağdı bircə dərdimiz. O qayıtsa, hər şey çox gözəldir. Mənim üçün Qubadlı ilə Siyəzən arasında fərq yoxdur - vətən yarımçıqdır. Bu, ümumi, siyasi dərddir. Bir də ictimai dərd var. Məsələn, "Toy olsun" verilişi. Çıxırlar ora, 65 yaşı var, 2 dəfə evli olub, yenə evlənmək istəyir. Bu, ayıbdır axı. Yaxşı ki, verilişi bağladılar.

- Amma sizin də elə bu yaşınızda evlənmək istədiyiniz barədə xəbərlər yayılıb...

- Boş şayiədir. Mənim çox gözəl ailəm var. 14 yaşında nəvəm var. Yoldaşımı da çox sevirəm. Ona heç vaxt xəyanət eləməmişəm, eləmərəm də. Mən bir dəfə başımı qaldırıb başqa xanıma baxmamışam.

"Oğru aləmi" məni çox istəyir

- Bəs, "Gör məni nə günə saldı məhəbbət" adlı şeiriniz hardan yarandı? Deyirlər, şair gözəlliyin vurğunu olur...

- Gözəllik ancaq qadınla olmur ki. Gözəl dağ ola bilər, meşə ola bilər... Vətənin elə özü gözəldir də! Vətənpərvərlikdə mənim gözəllik anlayışım budur. Yazsınlar dağdan, dərədən, milli qəhrəmanlarımızdan. Mən bir dəfə gözəl qadından yazmışam, o da mənim yoldaşım olub.
Haqqımda çox şayiə çıxıb. Hətta mənim türmədə olmağım barədə də danışırlar: guya kriminal ələmlə əlaqələrim var. Amma mən heç vaxt həbsdə olmamışam. Kriminala da dəxlim yoxdur. Düzdür, kriminal avtoritetlər arasında tanışlarım var. Amma onlarla bərabər orqan işçiləri ilə də dostluğum var. Danmıram, oğru aləminin başçılarının toylarına çox dəvət olunmuşam, onlar tərəfindən böyük hörmətlə qarşılanmışam.

AYB-yə üzv olmağa özümü layiq bilmirəm

- Neçə övladınız var?

- 5 övladım var, hamısını yerbəyer eləmişəm. Bircə kiçik oğlum qalıb. Qızlarım yoldaşlarının evindədir, oğlanlarımsa işləyir. Biri də müğənnidir..

- Səhv etmirəmsə, ali təhsiliniz yoxdur...

- Yox, ali təhsil almamışam. Özüm neçə illər sürücü işləmişəm. Ali təhsilim olmasa da, qəzəlxanlardan çox şey öyrənmişəm. Eləcə də Əliağa Vahiddən. Yolum Masazır kəndindən düşəndə maşını saxlayıb, ustadın qəbrinə iki gül qoymamış keçmirəm. Çox böyük ustad olub. O olmasaydı, müğənnilər indi nə oxuyardı?

- Başqa kimləri oxumusuz?

- Xəyyamdan tutmuş Şekspirə kimi oxumuşam. Elə şair yoxdur ki, onu oxumayım.

- İndiki Azərbaycan yazarlarından kimləri oxuyursuz?

- Bugünkü gündə mənim ən çox hörmət elədiyim şair Ramiz Rövşəndir: Əli Səfəroğlu, Mətləb Məmmədoğlu, Kərim, Bəhmən Vətənoğlu... çoxdur.

- Nə əcəb Yazıçılar Birliyinə üzv olmamısınız?

- Yox, mən o qədərinə layiq görmürəm özümü.

- Gənc şairlərdən kimi tanıyırısz?

- Şəhriyar, Buzovnalı Arif, sumaqyıtlı Mahir var (Mahir Cürət)... Mahirin yaxşı qəzəlləri var.

- Ən çox hansı janrda yazırsız?

- Bütün janrlarda yazmışam. Qəzəl də yazmışam, amma ən rahat gələn janr sərbəst janrdır.

- Qəzəlin bəhrlərini, ölçülərini bilirsiz?

- Hə, əlbəttə, bilirəm.

- Hansı bəhrdə yazırsız?

- ...Əruzda da yazmışam, hecada da...

- Yazmağı kimdən öyrənmisiz?

- Anadangəlmə, bədahətən gəlib. Öz-özümün müəllimi olmuşam, amma çox mütaliə eləmişəm.

Mən hər şeydən uzağam, bircə içkidən başqa

- Sonra da şeir dolanışıq yerinizə çevrildi...

-Mən heç vaxt toylardan bir dəfə də pul götürməmişəm. Kim nə verib, öz istəyi ilə verib. Qardaş kimi getmişəm çoxlarına. Mənim dolanışığım başqa yerdəndir. Kənd yerində yaşayıram. Təsərrüfat var, şükür Allaha, oğlanlarım işləyir.
Mən uzun illər sürücülük etmişəm. 1969-cu ildən 2000-ci ilədək. Sonradan gördüm ki, hörmət qalmayıb bu işdə. Sürücülər bir-birlərinə, müştərilər sürücülərə hörmət eləmir.

-Deyirlər, yaman yeyib-içənsiz, necə deyərlər, hal əhlisiz... Hətta arağa həsr etdiyiniz şeirlər də var.

-Mən hər şeydən uzağam, bircə içkidən başqa. Dost-tanışla içirəm. Başqa heç bir pis vərdişim yoxdur.

Nizami Rəmzi ilə meyxana demişəm

- Bədahətən şeir deməyiniz və məclislərə tez-tez dəvət olunmağınız, həm də şeirlərinizin quruluşu meyxanaya janrına yaxınlaşdırır sizi. Razısız?

-Mən meyxananı sevirəm. Vaxtilə Nizami Rəmziylə, Kəbirlə meyxana demişəm. Onlar rəhmətə gedəndən sonra bir daha meyxana demədim. Nizami Rəmzi həm dostum, həm yerlim idi.

-Ən çox hansı toyda pul veriblər sizə?

- Leninqradda olub. 1500-2000 manat. Azərbaycanda 200-300 manatdan çox pul görməmişəm. Elə toy olub ki, heç nə verməyiblər.

- Bəs onda nə etmisiz?

- Heç nə, cibimdən çıxarıb toya pul salmışam ki, kasıb adamdı.

Birinci toyumdan sonra bütün borclarımı qaytardım

Mən kasıbçılığın nə olduğunu çox yaxşı anlayıram. 1996-cı ildən 9 il mən böyük əzablar içində yaşamışam. Çox oğlanlar deyiblər sənə can qurbandı. Lazım olan vaxtda isə hamı qaçıb yanımdan. İşlərim dayandı. Müstəqil ölkə olurduq deyə, çətinliklərə var idi. 1996-cı ilə kimi çox yaxşı yaşamışam, amma 1996-2006-cı illərdə kimi pul qazanmaq üçün hər əziyyətə qatlaşmışam. Odun da doğrayıb satırdım, sürücülük edirdim. Oğurluq edəsi deyildim ki... 2006-cı ildə isə birdən-birə hər şey dəyişdi, özü də gözləmədiyim halda.

- Nə baş verdi?

- "Yaz yağışı" şeirimi bir dostum internetə yerləşdirdi. Bir də gördüm ki, hamı məni axtarır.

- Bu şeirdən sonra ilk dəfə kim tapdı sizi?

- Siyəzəndən bir oğlan gəlib məni toya apardı. Uşağının kiçik toyuna. 1500 manat pul verdi mənə. Mənim üçün çox böyük pul idi. Qayıdıb borclarımı qaytardım. Bir az kasıb-kusuba payladım. Evə bazarlıq elədim. Ondan sonra başladım toylara getməyə.



Elçin Zahiroğlu
AzNews.az