Elşad Miri: “Mən müsəlmanam, məndən qorxmayın”

20 Sentyabr 2012 15:15 (UTC+04:00)
"Peyğəmbərin karikaturasının çəkilməsi təxribatdır və dəfələrlə təcrübədən keçirilib". Bunu AzNews.az-a ilahiyyatçı Elşad Miri müsəlmanların təhqir edilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu prosesi həyata keçirən qüvvələr həmişə görürlər ki, müsbət nəticə alınır: "Müsəlmanlara qarşı belə təxribatlarda həmişə ayrı-ayrı aktyorlar iştirak edir, məsələn, Danimarkada çəkilən karikatura, Roma papasının Almaniyada etdiyi çıxış və.s. İndi də bu məsələ Amerikada seçkiöncəsi ortaya atıldı. Bu filmin rejissoru da bunun təxribat olduğun etiraf etdi. O, öz çıxışında qeyd edib ki, bu filmin çəkilişi üçün 100 nəfər İsrail vətəndaşından pul alıb. Filmin ssenarisinə Amerikada quranı yandıran da tövhə verib. Belə bir şeyin 11 sentyabr tarixində cəmiyyətə təqdim olunması provokasiyadır".

İlahiyyatçı hesab edir ki, müsəlmanların etdikləri etiraz forması düzgün deyil: "Bu, islamın mahiyyətinə ziddir. Səfirin islam dinində toxunulmazlığı var. Bu şəxsin öldürülməsi islam dininin adına bir ləkədir. Bu səfirin o filmlə əlaqəsi olmadığı halda, onu niyə öldürməli idilər, axı. Belə bir şeyin həyata keçirilməsi doğru deyil və müsəlmanların ziyanınadır. Müsəlmanlar güclü olsaydı, başqa cür etiraz edərdi".

E.Miri əlavə edib ki, Azərbaycanda filmə görə Amerika səfirliyinin qarşısında etiraz aksiyası keçirdilər: "İndi Fransada nəşr edilən jurnalın peyğəmbərin karikaturasını çəkdiyinə görə həmin ölkənin səfirliyinin qarşısındamı aksiya keçirəcəklər? Bu, düzgün deyil. Bu aksiyalar müsəlmanları barbar kimi təqdim edir. Əksinə, bu etiraz formasından fərqli olaraq peyğəmbərin kitablarını paylamaq olar. İngiltərədə belə bir aksiyanı keçirmişdilər. "Mən müsəlmanam məndən qorxmayın" kimi şüarlarla aksiya keçirsələr daha doğru olardı".

İlkin
AzNews.az