Nazir “Naməlum Axundzadə” tamaşasına baxdı

30 Oktyabr 2014 08:31 (UTC+04:00)


Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazir M.F.Axundzadənin komediyaları və "Kəmalüddövlə məktubları" traktatı əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşasına baxıb. Tamaşadan sonra Ə.Qarayev kollektivlə söhbət edib, tamaşa haqqında və ümumiyyətlə, YUĞ Teatrı haqqında fikirlərini bildirib.

Nazir YUĞ Teatrının Azərbaycan teatr məkanında yerini, teatrın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirdiyini vurğulayıb. Nazir həmçinin teatrın maddi-texniki bazasının, işıq və səs avadanlıqlarının təkmilləşdirilməsinin mühüm bir məsələ kimi gündəmdə olduğunu qeyd edib.

YUĞ Teatrının rejissoru Gümrah Ömərin quruluşunda hazırlanan "Naməlum Axundzadə" tamaşasını klassik irsə müasir yanaşma nöqteyi-nəzərindən yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, tamaşaların nümayişi, reklam-təbliğat işlərinin aparılması və s. məsələlərlə bağlı öz dəyərli məsləhətlərini verib və kollektivə yaradıcılıq uğurları arzulayıb.

Bahar