“Xəzər həftəsi” başlayır

21 Sentyabr 2012 08:42 (UTC+04:00)
24–30 sentyabrda "Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında tədbirlər keçiriləcək.

Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəranda vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş işlər barədə iştirakçıların məlumatlandırılması nəzərdə tutulub. Bu barədə məlumat AzNews.az-a nazirliyin mətbuat xidmətindən verilib.

"Beynəlxalq Dəniz günü" ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib. Tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin, dövlətlərin və özəl sektorların diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.

Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda bu resursların qorunmasının vacibliyi təbliğ ediləcəkdir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi "Beynəlxalq Dəniz günü" kimi qeyd olunur.

E.Əlosmanqızı
AzNews.az