Prezident FIFA U-17 qadınlararası dünya çempionatının açılışında iştirak edib

22 Sentyabr 2012 21:31 (UTC+04:00)
Sentyabrın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan–2012"nin təntənəli açılış mərasimi keçirilib.

APA-nın verdiyi xəbərə görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və FİFA-nın prezidenti Yozef Blatter fəxri qonaq qismində iştirak ediblər.

Açılış mərasimində dünya şöhrətli "Cirque du Soleil" sirki xüsusi olaraq bu mundial üçün hazırladığı proqramla çıxış etmişdir. Akrobatlar, rəqqaslar və bu şouda iştirak edən yerli könüllülər öz çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və həmçinin mədəni komponentlərini nümayiş etdiriblər.

Bu kompozisiya xüsusi bəstələnmiş və özündə Azərbaycan milli musiqi ənənələrini və məhz "Cirque du Soleil" tamaşalarına xarakterik olan musiqinin müşayiəti altında keçib.

Sonra dünya şöhrətli müğənni Cennifer Lopez möhtəşəm ifası azarkeşlərin bayram əhval-ruhiyyəsini daha da artırıb. Daha sonra Azərbaycanın və Kolumbiyanın 17 yaşlı qadınlardan ibarət milli komandaları yaşıl meydana daxil olublar.

Azərbaycan prezidenti İlham Əliyev və FİFA-nın prezidenti Yozef Blatter komandaların oyunçularını, hakimləri təbrik edərək onlara uğurlar arzulayıblar. Kolumbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra qarşılaşma başlayıb.

AzNews.az