2013-cü il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək

24 Sentyabr 2012 10:51 (UTC+04:00)
Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin sədrliyi ilə Azərbaycan Respublikasının 2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib. NK-nın mətbuat xidmətindən verilən məlunata görə, iclasda həmçinin həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

İclası giriş sözü ilə açan Baş nazir Artur Rasizadə qeyd edib ki, dövlət büdcəsinin layihəsi Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunan nailiyyətlər, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib. Layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib.

İclasda Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

E.Əlosmanqızı
AzNews.az