“Bakcell” məhkəməyə verilir: “2 qat bonus” adıyla 2 qat fırıldaq

20 Noyabr 2014 09:25 (UTC+04:00)
Bu barədə AzNews.az-a narazı abunəçilər məlumat verib. 2 qat bonus kampaniyası ilə abunəçilərinə fırıldaq gələn şirkət onların müraciətlərini məhkəmədə cavablandırmalı olacaq.

Qeyd edək ki, bir müddət əvvəl bu məslə ilə bağlı saytımızda yazı dərc olunmuşdu. Bildirilirdi ki, "Bakcell" şirkətinin təklif etdiyi yeni kampaniyanın şərtlərinə görə, balanslarına iki manat yükləməklə 2 AZN əvəzinə 4 AZN bonus almaq imkanı qazanır. Bununçün kontur yükləməli və 5522-yə 1 yazıb göndərmək lazımdır. Lakin abunəçi kampaniyanın təklif etdiyi kimi 2 manatlıq bonusunu ala bilmir. Bu azmış kimi balansına yüklədiyi 2 manatdan da məhrum olurlar. Bir sözlə, əli aşından da olurlar, vəli aşından da. Problemlə bağlı operatorun müştəri xidmətinə müraciət etdikdə abunəçinin "Bakcell"in əsas ofisinə yaxılaşmağı məsləhət görürlər. Vətəndaşlar isə iki manatdan ötrü nə əsəblərini, nə də vaxtlarını itirmək istəmir.


Bu gün isə daha bir abunəçi saytımıza şikayət edib. Nurcahan Kərimova deyir ki, "Bakcell"in təklif etdiyi bütün kampaniyalara qoşulduğu kimi, "2 qat bonus"dan da istifadə etmək istəyib. Lakin dəfələrlə buna cəhd etsə də alınmayıb. O da digər abunəçilər kimi, nəinki bonus alıb, yeklədiyi konturlar da havaya uçub. Bununla bağlı dəfələrlə "Bakcell"in Müştəri Xidmətlərinə müraciət edən müştəri problemini həll edə bilməyib:
"Artıq bir neçə aydır ki, balansıma nəinki 2, hətta 5 manat yükləsəm də, mənə bonus verilmir. Nömrələrə də zəng vurmuşam. 5522-yə də SMS göndərmişəm. Heç bir xeyri yoxdur".
Bakı məktəblərinin birində müəllimə işlədiyini deyən N.Kərimovanın sözlərinə görə, bir həftə olar ki, balansını 5 manat artırıb. Amma yenə də ona bonus verilməyib.

Kampaniyaya qoşulanlar kifayət qədər pul itirdiklərini deyirlər. Şirkət problemi vaxtında həll etmədiyindən "Bakcell"in xidmətlərindən istifadə edən onlarla müştəri çıxış yolunu mobil operatoru məhkəməyə verməkdə görürlər.

AzNews.az