Xalq yazıçısı Anar: «Dilimizin ləhcə adlandırılmasının və ortaq əlifba ideyasının əleyhinəyəm»

25 Sentyabr 2012 16:48 (UTC+04:00)

"Mənim fikrimcə, ortaq dil, ortaq ədəbiyyat məsələsində israr etməsək, yaxşı olar. Çünki Azərbaycan və Türkiyə türkcəsində elə kəlmələr var ki, onlarda hətta bir hərfin belə yerini dəyişmək böyük məna dəyişikliyinə səbəb olur. Ortaq əlifba məsələsinə riayət eləsək, onda gərək bizim əlifbadan "X" hərfi çıxarıla. Mən bunun əleyhinəyəm. Misal üçün iki kəlməni götürək: Xırıldamaq və hırıldamaq. İnsan güləndə hırıldayır, öləndə də xırıldayır. İndi vahid dilə, ortaq əlifbaya keçsək, onda belə çıxır ki, insan güləndə də, öləndə də hırıldayır?! Bu baxımdan mən bu ideyanın qəbul edilməsinin əleyhinəyəm. Əlbəttə, biz türklər hamımız qardaşıq, ortaq mədəniyyətə sahibik. Amma bəzi nüansları nəzərə alaraq ehtiyatlı davranmaq lazımdır".

Bu fikirləri bu gün Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB və İLESAM (Elm və Ədəbiyyat Sahibləri Məslək Birliyi) "Türkiyə və Azərbaycan şairləri Türk dili günündə görüşür" adlı birgə tədbirdə AYB sədri, xalq yazıçısı Anar səsləndirib.

525.az-ın məlumatına görə, xalq yazıçısı həmçinin türk xalqlarının dillərinin hər birinin ayrılıqda müsəqil olduğunu, onların vahid dilin ləhcəsi kimi qəbul edilməsinə qarşı çıxdığını bildirib: "Qazax, türkmən, Azərbaycan, Türkiyə, özbək türkcəsi də hər bir ayrılıqda müstəqil dillərdir.

Onları "vahid dilin ortaq ləhcəsi" adlandırmaq olmaz. Yaxşı, əgər belə adlandırırsınızsa, deyin görək, bunlar hansı dilin ləhcələridir? Türkiyə türkcəsininmi ləhcəsidir? Yox. Bunların hər biri müstəqil dildir. Azərbaycan dili də türk sistemli müstəqil dildir. Ləhcə tamam başqa mövzudur. Məsələn Azərbaycanda Gəncə, Şəki, Qazax ləhcələri var. Ləhcə lokal məfhumdur və tamam başqa şeydir. Mənim fikrimcə, bu qədər ədəbiyyat örnəyi olan bir dili ləhcə adlandırmaq düzgün deyil".

AzNews.az