Lavrovdan Qərbə çağırış

27 Sentyabr 2012 15:11 (UTC+04:00)


Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT-də Suriyadan danışıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Lavrov "Suriya naminə Fəaliyyət Qrupu"na daxil olan dövlətləri Cenevrədə qəbul olunmuş razılaşmaya əməl etməyə çağırıb. Rusiya XİN rəhbəri razılaşmaya imza atmış dövlətləri ittiham etməkdən də çəkinməyib.

O, bildirib ki, bəzi qərb dövlətləri razılaşmanı tək tərəfli qaydada dəyişərək Suriyaya qarşı təzyiq yolunu tutublar. "Suriya məsələsi ilə bağlı Cenevrə razılaşmasına imza atan dövlətlər ona əməl etməlidir. Bu saziş Suriya probleminin həlli üçün yeganə baza rolunu oynamalıdır." Lavrov həmçinin qeyd edib ki, Suriyaya birbaşa hərbi müdaxilə sonu görünməyən çəngəlliyə gedən yoldur.

Qeyd edək ki, Cenevrə razılaşmasına əsasən qərb dövlətləri və Rusiya həm iqtidar həm də müxalifət təmsilçilərindən ibarət keçid hökuməti yaratmalı idilər.

Sadiq Musa
AzNews.az