İƏT Ermənistanı qınadı

29 Sentyabr 2012 15:35 (UTC+04:00)


İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik koordinasiya toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun kommünike qəbul edilib. APA-nın xəbərinə görə, sənəddə Ermənistanın Azərbaycana təcavüzü pislənib və Azərbaycan ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüquqi zidd olduğu vurğulanıb. Qeyd edilib ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında tezliklə həll olunmalıdır.

Sənəddə Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində demoqrafik vəziyyətin zorla dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulması və mədəni irsin kifayət qədər qorunmamasından ciddi narahatlıq bildirilib. İƏT ölkələri Azərbaycanın işğal altındakı ərazilərdə beynəlxalq humanitar hüququn normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər.

AzNews.az