İcra başçısı məhkəmədə uduzdu – 150 minlik qalmaqal

3 Mart 2015 15:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, iş adamı Oqtay Əliyev bu barədə mətbuat konfransı keçirib. O, icra başçısının qanunsuz əməlləri ilə bağlı məhkəməyə etdiyi şikayətdə haqlı tərəf kimi tanınıb.

İş adamı 2013-cü ildə Gədəbəy rayonunda inşasına başladığı turizm obyektinin icra hakimiyyəti tərəfindən qanunsuz şəkildə sökülməsindən şikayətçidir.


Şikayətçinin sözlərinə görə, o, Rusiyada yaşayır. Gədəbəydə turizm obyekti inşa etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan icazə alıb. Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalakənd meşəbəyliyinin 0,20 hektar sahəsindən istirahət və turizm məqsədi ilə istifadə etmək üçün həmin müəssisə ilə 16 iyun 2013-cü il tarixində 5 illik müqavilə imzalayıb. Həmçinin icra başçısının müavini Qüdrət Paşayevlə də görüşüb. İcra hakimiyyətindən O. Əliyevdən rayonun abadlaşdırılması üçün müəyyən bir məbləğ də istəyiblər. İş adamı həmin məbləği verib.

Obyektin inşasına 2013-cü ildə başlanılıb. İnşaat işləri yekunlaşdıqdan sonra icra hakimiyyəti ilə Oqtay Əliyev arasında problemlər başlayıb:
"Məni icra hakimiyyətinə çağırdılar. Başçının müavini Rüstəm Nağıyevlə görüşdüm. Məndən obyektin sökülməməsi üçün 150 min dollar pul istədilər. Mən bu məbləğlə razılaşmadım. Sonda 100 min dollar istədilər. Mən də dedim ki, bu məbləği sizə verməyəcəm. Çünki mənim əlimdə sənədim var. Obyektimi qanunsuz tikməmişəm. Nə istəyirsiniz edin".

Bundan sonra 170 min manata başa gələn obyekt 2014-cü ildə icra hakimiyyəti tərəfindən sökülüb.

Oqtay Əliyev məsələ ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutularaq iddiaçı Əliyev Oqtay İbrahim oğluna verilməsi ilə bağlı qərar çıxarıb.

Məsələ ilə bağlı Gədəbəy rayon icra hakimiyyəti ilə, həmçinin qalmaqalda adı hallanan Rüstəm Nağıyevlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmayıb.



Nigar Etibar
AzNews.az