Bakı milyonçusu Ağamusa Nağıyev bu gün vəfat edib – 96 il öncə

4 Mart 2015 10:20 (UTC+04:00)


Tarixdə bu gün martın 4-də Şeyx Cüneydin başçılıq etdiyi Səfəvi qoşunları ilə Şirvanşah I Xəlilullahın qoşunları arasında Samur çayı sahilində döyüş baş verib, məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev vəfat edib, Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlayıb.

1460 – Şeyx Cüneydin başçılıq etdiyi Səfəvi qoşunları ilə Şirvanşah I Xəlilullahın qoşunları arasında Samur çayı sahilində döyüş baş verib. Döyüşdə Səfəvi qoşunları məğlub olub və Şeyx Cüneyd öldürülüb. Ondan sonra oğlu Şeyx Heydər Şirvanı və digər Azərbaycan torpaqlarını Səfəvi hakimiyyətinə tabe etdirməyə çalışsa da, o da 1488-ci ildə Şirvanşah ordusu ilə döyüşdə həlak olub. Nəhayət, 1501-ci ildə hakimiyyətə gələn Şah İsmayıl (Xətai) Azərbaycan torpaqlarını birləşdirməyə və qüdrətli Səvəfi dövlətini qurmağa müvəffəq olub.

1493 - Xristofor Kolumb yeni qitənin kəşfi ilə nəticələnən səyahətini başa vuraraq Portuqaliyaya qayıdıb.

1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub.

1865 - Eston realist ədəbiyyatının banilərindən biri, yazıçı-dramaturq Eduard Vilde (1865-1933) anadan olub.

1877 - Amerikalı ixtiraçı Emil Berliner ilk mikrofonu (yunanca mikros - kiçik, fone - səs) icad edib.

1882 - İngiltərədə ilk elektrik qatarı fəaliyyətə başlayıb.

1894 - Şanxayda dəhşətli yanğın mindən çox binanın kül olmasına səbəb olub.

1903 - Beşiktaş gimnastika klubu yaradılıb.

1908 - Rus yazıçısı Boris Nikolayeviç Polevoy (1908-1981) anadan olub. "Əsl insan haqqında povest" ilə məşhurdur.

1919 – Məşhur Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Ağamusa Nağıyev Bakıda 100-ə yaxın müxtəlif təyinatlı bina inşa etdirib. Həmin tikililərin bir qismi bu gün də Azərbaycan paytaxtına gözəllik verməklə yanaşı, elm, təhsil, sosial, mədəni təyinatlı obyektlər olaraq ("İsmailyyə" binası - MEA-nın Rəyasət Heyəti, Mərkəzi Klinik Xəstəxana və s.) fəaliyyət göstərir.



1925 - Məşhur fransız bəstəkarı, aranyimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.

1941 – Akademik, tanınmış kimyaçı ailim Tofiq Murtuza oğlu Nağıyev anadan olub.
1966 - "Canadian Pacific Air Lines" şirkətinə məxsus DC-8 sərnişin təyyarəsinin Tokio hava limanına enərkən partlaması nəticəsində 64 nəfər həlak olub.

2001 – Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar başlayıb. İki gün (4-5 mart 2001) sürən gərgin danışıqlar Ermənistanın kompromissiz mövqeyi üzündən nəticəsiz bitib.
2006 - "Odnoklassniki" sosial şəbəkəsi fəaliyyətə başlayıb.