Valideynlərin “8 Mart qırğını” başladı

4 Mart 2015 19:09 (UTC+04:00)


Təhsil Nazirliyindən məktəb direktorlarına dəfələrlə xəbərdarlıq edilib, amma görünən odur ki, bu xəbərdarlığa məhəl qoyan yoxdur. Kimi dindirirsən ümumiyyətlə, mart ayının gəlişindən narazıdır. İnsanlar bayram ab-havasını yaşaya bilmir, çünki, məktəblərdə, bağçalarda 8 mart münasibətilə pul yığılır, qadağan olunmasına baxmayaraq...

Bağçaların haqqı təbii ki, müəllim və xidmətçilərin sayına uyğun olaraq ən azı hərəsi üçün 10 manat müəyyənləşib. Yəni uşaq bağçadadırsa, uşaqlar üçün təşkil ediləcək bayrama görə yığılacaq vəsaiti nəzərə almasanız, 30-40 manat xərciniz çıxacaq.

Məktəblərdə isə vəziyyət fərqlidir. Deməli, direktor və müəllimlər yeni üsula əl atıblar. Əvvəllər qarşıdan bayram gəldiyini uşaqlara özləri xatırlatsalar da, Təhsil Nazirliyinin iradlarından sonra bunu valideyin komitəsinin sədrinin əli ilə edirlər.

Müəllimə yaxın olan valideyn də digər valideynlərə bildirir ki, "müəllimin xəbəri yoxdur, gizlin pul yığaq, ona sürpriz edək".

Nəzərinizə çatdıraq ki, təhsil müəssisəsinin "lisey", "gimnaziya" olması qiymət artmını zəruri edir. Məsələn, orta məktəblərdə 30-40 manat yığıldığı halda, sözügedən təhsil müəssisələrində dərs deyən hər müəllim üçün 50 manat tələb edilir. Sinifdə dərs deyən qadın müəllimlərin sayına görə ümumi xərci hesablamaq isə çətin deyil.

İmkanı məhdud olan valideynlərin haqlı narazılıqlarına cavab olaraq isə deyilir ki, dollar qalxıb deyə, müəllimlərin haqqı da qalxıb...

Ən maraqlısı odur ki, bəzi müəllimlər hədiyyə qəbul etmirlər. "Hədiyyəni neyləyirik, ondansa 5-10 manat pul versinlər" deyə təkliflərdə bulunanlar az deyil.

Amma bu məsələyə görə, yalnız sıravi müəllimləri ittiham etmək insafsızlıqdır. Bu gün hətta 1-ci sinifdə oxuyan uşağa da aydındır ki, sıravi müəllim direktordan və müavinlərdən xəbərsiz məktəbdə 1 qəpik də yığa bilməz. Müəllimlər valideynlərə şikayətlənilər ki, yığılan pul ilk növbədə direktora və onun müavinlərinə verməlidirlər ki, onlara münasibət dəyişməsin, narahat edilməsinlər, "düşmən" elan olunmasınlar.Vay o günə ki, məktəbin direktor və müavinlərinin hamısı qadınlar ola. Bu halda sıravi müəllimin işi daha çətinə düşür: onlar mütləq xanım direktor və onun iki müavininin "8 mart şirinliyi"ni çatdırmalıdırlar. Belədə sıravi müəllimin iki çıxış yolu var: direktor və müavinlərin "8 mart haqqı"nı ya öz cibindən verməli, ya da uşaqlardan yığmalıdır. Təbii ki, müdiriyyətin "xeyir-duası" ilə 2-ci yolu seçən müəllim həm də öz marağını da təmin etməyə çalışır: "Bütün ilboyu uşaqların zəhmətini çəkirəm, ildə bir dəfə 8 martı bizə çox görəcəksiniz?..".

Yazının əvvəlində müəllimlərə yığılan pulun məktəblərin yerləşdiyi ərazidən və təhsil ocağının statusundan asılı olaraq 30-50 manat arasında dəyişdiyini qeyd etmişdik. Bəzi məlumatlara görə daha prestijli orta məktəblərdə bu vəsait hətta şagirdbaşına 100 manata da qalxır. Amma qeyd etdiyimiz kimi, düşünməyin ki, yığılan vəsaiti yalnız müəllim həzm-rabedən keçirir. O puldan direktor və müavinlərin "haqqı" mütləq ödənilməlidir. Bu "haqq" isə direktorlara ən azı 50 (və ya məktəbdən asılı olaraq 100), müavinlərə isə 30 (və ya 50) manat ödəməkdən ibarətdir. Yəni müəllim valideynlərdən yığır, direktor və müavinlər isə müəllimlərdən... Nəticədə necə deyərlər zəncirvari proses əmələ gəlir...

Bütün bu olanların sonucunda isə çanaq valideynlərin başında çatlayır... İmkanlı valideynlər bu "çatlağı" heç vecinə almır, imkansızlara gəldikdə isə... Bax burda qəribi necə deyərlər, ağlamaq tutur...

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər il bayramqabağı təhsil müəssisələrinə xəbərdarlıq etməyə lüzum yoxdur: "Çünki təhsil müəssisələrində birmənalı olaraq hər hansı ödənişin aparılması, vəsait tələb olunması qanunla qadağandır. Eyni zamanda təhsil mühitinin tələblərinə ziddir. Bununla bağlı hər bayramöncəsi hanısısa xəbərdarlıq edilməsinə ehtiyac görmürük".

Modern.az