O dünyada cənnət varmı?- Açıqlama

4 Mart 2015 23:14 (UTC+04:00)



İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov analitik.az-a cənnətin mövcud olması haqqında Quran və hədis mətnlərində kifayət qədər dəlillər olduğunu deyir. Onun sözlərinə görə, əgər Allahtəala və onun Rəsulu bir məsələ barəsində xəbər veribsə, deməli bu məsələ həqiqətdir. Ona görə də bəzilərinin, "oradan gələn varmı?", sözləri yersizdir:

"Çünki bu, bir həqiqətdir ki, oradan bizə xəbər verən var və xəbər verilən hər bir şey də düzdür. Əlbəttə, cənnətin hal-hazırda var olması, mövcud olması haqqında bizim əlimizdə olan ən böyük dəlil hər şeydən əvvəl Adəmin ilk dəfə yaradılıb, cənnətə qoyulmasıdır. Əvvəlcədən cənnət yaradılmış və Adəm ora daxil edilmişdi. Etdiyi xətaya görə cənnətdən çıxarıldı və imtahandan keçib, tövbə edərək yenə də cənnətə daxil olacaq. Biz uca Allahdan etdiyimiz xətalara görə bağışlanmamızı istəyir və bizi cənnətə daxil etməsini yalvarırıq. Bu gün yaşadığımız an etdiyimiz əməllərə görə cənnətdə bizim üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi ən gözəl nemətlər hazırlanır. Biz uca Allahdan cənnəti istəyirik və buna can atmalıyıq".

Ə. Həsənov qeyd etdi ki, cənnət var və hər gün bəzədilir. Allahtəalanın xəbər verməsi ilə Allahın Rəsulu, səhabələr, tabiunlar, bir sözlə bütün islam alimləri cənnətin hal-hazırda mövcud olduğu inancına sahib olublar. cənnətin var olduğunu Qurani Kərim və Allah Rəsulunun hədisləri, əvvəldən sona qədər bütün peyğəmbərlərə aid xəbərlərin hamısı təsdiq edir:

"Çünki peyğəmbərlərin hamısı öz ümmətini (camaatını) cənnətə çağırmış və cənnət barədə onları xəbərdar etmişdilər. Sonralar İslam ümmətində Qədəriyyə və Mötəzilə kimi çürük məzhəblər çıxaraq müxtəlif şübhələr gətirib, cənnətin hələ sonra yaranacağını yalan olaraq iddia ediblər. Amma daim olduğu kimi bu gün də düzgün əqidəyə sahib insanlar bilirlər və bilmələri vacibdir ki, cənnət hazırda mövcuddur.

Bununla bağlı kifayət qədər açıq şəriət mətnləri var. Qurani Kərimdə uca Allah cənnətin yeddi qat göyün yuxarısında olmasını, hər gün bəzədilməsini, ora ancaq yaxşılıq edən, iman edən, qəlbi yumşaq olan, bağışlamağı bacaran və s. kimi yüksək keyfiyyətə sahib insanların daxil olacağını bildirmişdir. Allahın Rəsulu da merac hadisəsində, yəni bir gecə vaxtı yeddi qat göyləri gəzdiyi hadisədə Sidrətül-müntəhanı görmüş və onun yanında cənnəti görüb. Biz bunu təqdiq edir və inanırıq ki, Peyğəmbər cənnəti görüb. Gördüyü üçün də təsdiq edirik ki, cənnət hal-hazırda mövcuddur. Buna heç bir şübhəmiz yoxdur".