"Anam da "Koroğlu" körpüsündən özünü atmaq istəmişdi" - VİDEO

4 Mart 2015 23:39 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, bu gün Bakıdakı ticarət mərkəzlərindən birinin damına 34 yaşlı şəxs çıxaraq özünü atmaq istəyib.

Əraziyə çatdıqda fövqəladə hallar nazirliyinin əməkdaşları artıq xilasetmə döşəyini açmış olublar. Hadisə yerinə xeyli sayda polis əməkdaşları da cəlb olunub. Bir müddət sonra Abbasov Kənan Fazil oğlunu intihar etməkdən daşındırmaq istəyən bacısı ona yaxınlaşa bilib. Və xilasetmə qrupunun müdaxiləsilə onu damdan düşürmək mümkün olub.

Saxlanılan Kənan Abbasov Nizami rayon 24-cü polis bölməsinə aparılıb. Dindirilmədən sonra isə tibbi ekspertizaya aparılıb. Qeyd edək ki, həmin şəxs damın üzərində olarkən əlində bıçaq var imiş və özünə xəsarətlər yetirib. Tibbi baxışdan sonra Kənan Abbasov bu adımının səbəblərini açıqlayıb. O, məhkumluq həyatı yaşayan qardaşı ilə bağlı tələbləri olduğunu və elə buna görə həyatına qəsd etmək istədiyini deyib. Problemlərin həll olunmaması isə bir müddət əvvəl digər ailə üzvlərinidə eyni əmələ sövq edib.

"Mənim anam bir müddət əvvəl haqq səsinin eşidilməsi məqsədilə Koroğlu körpüsü üzərinə çıxaraq intihara cəhd edib. Amma bunun da bir xeyri olmayıb", – deyə Kənan Abbasov bildirib.

Hər halda intihar problemin həlli deyil. Ona görə də müvafiq qurumlara müraciət edərək onların həllinə çalışmaq lazımdır.