“Radikal dini qruplaşmaların qarşısı həmişə alınır”

5 Mart 2015 12:11 (UTC+04:00)


APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Təhlükəsizlik Nazirliyinin ölkədə dini dövlət qurmaq niyyətində olan mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, İslam ölkəsi olan Azərbaycanın İslami dəyərləri, milli adət-ənənələri var: "Tarixdən bizə əxz olunan, nəsildən nəslə ötürülən İslami dəyərlərimizi qorumalı, yaşatmalıyıq. Prezident İlham Əliyev də bu dəyərləri qorumaq üçün çox böyük işlət həyata keçirməkdədir. Dövlət qurumları da öz işini qanuna müvafiq şəkildə aparır.

Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik. Çünki bu, cəmiyyətin, söykəndiyimiz İslami dəyərlərin istəyidir. Radikal dini qrupların Azərbaycanda fəaliyyətinin aradan qaldırılması üçün son vaxtlar çox böyük işlər görülüb və bu işlər bu gün nəticə verməkdədir. Məhz buna görə Milli Təhlükəsizlik Nazirliyinin, ideoloji qurumlarımızın apardığı işlər çox mühüm nəticələr verir. Bu mübarizə bir an da olsun dayanmayacaq və biz bu fəaliyyətimizi ölkədə radikal qrupların fəaliyyəti tam aradan qalxana qədər davam etdirəcəyik".