Xədicə İsmayılın həbs müddəti uzadıldı

6 Mart 2015 12:48 (UTC+04:00)

APA-nın məlumatına görə, X. İsmayılovanın həbs müddəti mayın 24-dək uzadılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, "Azadlıq Radiosu" və "Meydan TV" teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda "Sink oksid" dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-də işlədiyi müddətdə "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.

İstintaqla həmçinin müəyyən edilib ki, T. Mustafayev X. İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət yanvarın 27-də 2 ay uzadılıb.