Bakıda bayram yarmarkaları

7 Mart 2015 18:09 (UTC+04:00)
Novruz bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 14-19 mart 2015-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək.