Hadı Rəcəbli danışdı: “Mən də fəhlə işləmişəm”

12 Mart 2015 15:07 (UTC+04:00)
Dörd qardaşımın xanımları, iki bacım, qızım, oğlanlarımın xanımları, həyat yoldaşım müəllimədirlər. Özüm də müəlliməm, bu adla fəxr edirəm, dərs deyirəm".

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sonuncu müsahibəsində müəllimlərlə bağlı fikirlərinin yaratdığı müzakirələrə cavab olaraq bildirib.

H. Rəcəbli qeyd edib ki, onun müsahibəsi qətiyyən müəllimlərə həsr olunmayıb: "Bəzi media orqanları bilərəkdən mənim dediklərimi kontekstdən çıxararaq, bunu müəllimlərə mənfi mənada yönəltməyə çalışıblar. Müsahibənin yalnız bir cümləsi tanıdığım bir müəllimin ustalığından bəhs edib".

Deputat deyib ki, Azərbaycan prezidenti bu yaxınlarda müəllimlərin maaşlarının artması ilə bağlı sərəncam imzalayıb: "Bu söhbət gündəmdə buna görə ola bilər. Prezidentimiz müəllimlərin maaşlarının artırılması ilə bağlı mütəmadi sərəncamlar imzalayır. Müəllimlərin də digər sahələrdə çalışanlar kimi sosial rifahının yaxşılaşdırılması həmişə dövlətin gündəmindədir. Mənim müsahibəmin isə fəlsəfəsi odur ki, adamlar qənaətcil olmalı, çox pul qazanmaq üçün daha çox çalışmalıdırlar".

H. Rəcəbli bildirib ki, o da əmək fəaliyyətinə 15 yaşından fəhlə kimi başlayıb: "Mənim müsahibəm müəllimlərə yönəlmiş deyil. Mən müsahibədə insanların əməkdən utanmalı olmadıqlarını, çalışmağa həvəsli olmalarını qeyd eləmişəm. Müsahibəni kontekstdən çıxarırlar. Həmin adamlara demək istəyərəm ki, təxribata, təhrikçiliyə son qoysunlar".