Ukraynada azərbaycanlı iş adamı qətlə yetirildi

12 Mart 2015 15:59 (UTC+04:00)


Bu barədə APA-ya Luqansk vilayəti Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev məlumat verib. O bildirib ki, qətlə yetirilən şəxs Ukrayna vətəndaşı, əslən Azərbaycanın Gəncə şəhərindən olan 1971-ci il təvəllüdlü Rövşən Yusif oğlu Şirinovdur.

Martın 11-də axşam saatlarında R. Şirinovun separatçı "Luqansk Xalq Respublikası"nın nəzarətində olan Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlayıblar. Hadisə zamanı R. Şirinovun 1 yaşlı oğlu da evdə olub. Quldurlar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar.

Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılıb. Onun başından aldığı güllə yarası nəticəsində öldüyü məlum olub.


Qondarma respublikanın "milisi" hadisəni törədənlərin axtarışına başlayıb və iş adamının yaxınlarına cinayətkarların tapılacağına dair söz verib.

Rövşən Şirinovun cənazəsi dəfn olunmaq üçün martn 13-də Azərbaycana gətiriləcək.