“Təmiz ekologiya - Sağlam həyat“ - Yeni layihə

12 Mart 2015 17:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Həmrəy" İctimai Birliyinə məxsus layihənin ilk seminarı Masallıda baş tutub. 100 dən çox gəncin iştirakı ilə baş tutan təlimin başlıca məqsədi gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrinin artırılmasına, ekoloji maarifləndirilməsinə və onlarda ekoloji mədəniyyətin formalaşdırılmasına töhfə verməkdir.

Təlimçi-Ekspert, ekoloq Bəxtiyar Hüseynov "təlim-seminar"larda ekoloji maarifləndirməyə nəzəri və praktiki yanaşma, ekoloji maarifləndirmənin sağlam həyat üçün faydalılığı və təmiz ekologiyanın cəmiyyətin sağlam inkişafı üçün təsiri barədə məlumat verib.

Seminarın məqsədinin gənclərin maarifləndirilməsinə kömək etmək, gənclər arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək olduğu vurğulanıb.

Layihə cənub bölgəsində yaşayan gəncləri əhatə edir və mart ayının 12-də Lənkəranda, 13-də isə Astarada təşkil olunacaq.

Məlumat üçün bildirək ki, "Təmiz ekologiya - Sağlam həyat" adlı layihə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinə təqdim olunub və müsabiqənin qaliblərindən biri olub.