Babək Xürrəmi bu gün edam edilib – 1177 il öncə

14 Mart 2015 09:46 (UTC+04:00)


Tarixdə bu gün mart ayının 14-də Azərbaycanda ərəb istilasına qarşı 20 il mübarizə aparmış Babək Xürrəmi Samirə şəhərində (indiki İraq) xəlifə Mütəsimin sarayında edam edilib, IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib, Xalq yazıçısı Anar anadan olub, BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə qəbul olunub.

838 - Azərbaycanda ərəb istilasına qarşı 20 il mübarizə aparmış Babək Xürrəmi Samirə şəhərində (indiki İraq) xəlifə Mütəsimin sarayında edam edilib. Babək 795-ci ildə (bəzi məlumatlara görə, 798-ci ildə) Ərdəbil yaxınlığındakı Bilalabad kəndində anadan olub. 816-cı ildən xürrəmilər hərəkatının rəhbəri olub, Xilafətin altı ordusunu məğlub edib. 837-ci ilin yayında xürrəmilərin Bəzz qalası süqut etdikdən sonra Babək erməni əsilli Səhl ibn Sumbatın xəyanəti nəticəsində əsir götürülüb.

1681 - Məşhur alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann, 1681-1767) anadan olub. 40-dək operanın müəllifidir.

1804 - Böyük Avstriya bəstəkarı, skripkaçı, dirijor, "Vyana" valsının yaradıcısı Yohann Ştraus (Johann Strauss, 1804-1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.

1823 - Fransız yazıçı və şairi, incəsənət nəzəriyyəçisi Teodor de Banvil (Theodore Faullain de Banville, 1823-1891) anadan olub.

1880 – Məşhur satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov, 1880-1919) Naxçıvanda doğulub. "Molla Nəsrəddin" jurnalının tanınmış yazarlarından olub.

1937 - IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in üçüncü Konstitusiyası qəbul edilib. Sovet Azərbaycanının ilk Konstitusiyası 1921-ci ildə, ikincisi 1927-ci ildə qəbul olunmuşdu. 1936-cı ilin SSRİ (Stalin) Konstitusiyasının əsasında hazırlanan yeni Əsas Qanunda Azərbaycanın müttəfiq respublika kimi hüquqları daha da məhdudlaşdırılmış, rus dili dövlət dili kimi təsbit olunub.

1933 - İngilis aktyoru, iki dəfə "Oskar" laureatı Maykl Keyn (Michael Caine - əsl adı Maurice Joseph Micklewhite) anadan olub.

1938 - Xalq yazıçısı Anar (Anar Rəsul oğlu Rzayev) anadan olub. Zəngin yaradıcılığı roman və povestlər, pyeslər, ssenarilər (10-dək film), şeir və tərcümələri əhatə edir, bir neçə filmə quruluş verib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir, 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

1938 - Tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Samət Qüdrət oğlu Əlizadə (1938 - 31.2.2002) Xızı kəndində anadan doğulub.

1941 - Alman əsilli Amerika kinorejissoru Volfqanq (Wolfgang) Petersen anadan olub. "Prezident təyyarəsi", "Epidemiya" və s. filmlərin rejissorudur.

2008 - BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnamə qəbul olunub. 39 səs lehinə, 7 əleyhinə və 100 bitərəf olmaqla qəbul edilən qətnamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilir, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.