Əlillərin yerini sökən sürücülərə - Töhmət verildi

14 Mart 2015 12:36 (UTC+04:00)
"Qafqazinfo" məsələ ilə bağlı 88 saylı xəttin rəhbəri, yeni avtobusları gətirən "Çinar-Trans" MMC-nin direktoru Etibar Manafovla əlaqə saxlayıb. Onun sözlərinə görə, iki marşrutda yerlərin sökülməsi faktı qeydə alınıb: "Dünən gecədən etibarən sökülmüş yerlər bərpa edilib. Həmin iki sürücüyə də töhmət verilib".

Qeyd edək ki, yeni avtobuslar İtaliya və Türkiyənin birgə istehsalıdır.Yeni avtobusların ən mühüm xüsusiyyəti isə arxa və ön hissələrin yola uyğun idarə edilməsidir. Hələlik 15 ədəd gətirilib. Sərnişin avtobusları yalnız 88 saylı xətt üzrə hərəkət edir. Onların hər birinin qiymətinin 150 min avro olduğu deyilir.

***

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da sözügedən hadisəyə münasibət bildirib. O, modern.az-a açıqlamasında, baş verənlərdən xəbərdar olduğunu qeyd edib:

"Bununla bağlı bizə də məlumatlar daxil olub. Nəqliyyat Nazirliyi avtobuslarda konstruksiyaların dəyişdirilməsi ilə bağlı böyük bir reyd keçirəcək. Reyd nəticəsində avtobuslarda özbaşına konstruksiyalar dəyişdirilənlər müəyyənləşdiriləcək".

O qeyd edib ki, qətiyyən narahatlığa əsas yoxdur: "Birinci növbədə nöqsanlar aşkarlanan avtobusların sürücüləri, sonra isə sahibkarlar cəzalandırılacaq. Yaxın günlərdə nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Yeni gətirilməyindən və ya əvvəldən istismara verilməsindən asılı olmayaraq heç kəsin avtobusların konstruksiyasına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu tamamilə məntiqə sığmayan və qanunsuz hərəkətdir".

Nazirliyin sözçüsü avtobusların orta hissəsindəki oturacaqların da sökülərək daha çox sərnişinin ayaq üstə dayanmasını təmin edən sürüclərin də cəzalandırlacağını istisna etməyib: "Nəinki yeni, ümumiyyətlə, bütün avtobus marşurutlarında araşdırmalara başlayacağıq. Nöqsanı olanlar mütləq cəzalanacaq. Buna əmin ola bilərsiniz".