Ukraynalı həkimlərin Nadejda Savçenkonu müayinə etməsinə icazə verildi

14 Mart 2015 15:20 (UTC+04:00)


APA-nın "RİA Novosti"yə istinadən vefdfiyi məlumata görə, vəkil Mark Feygin ukraynalı həkimlərin N. Savçenkonun yanına buraxıldığını bildirib. Ukraynanın xarici işlər naziri Pavel Klimkin də xəbəri təsdiqləyib: "Prezident Poroşenkodan Moskvadakı konsulumuza qədər, hamının birgə səyləri nəticəsində ukraynalı həkimlər artıq Nadejda ilə birlikdədir".

Qeyd edək ki, 1981-ci il təvəllüdlü N. Savçenko 2014-cü il iyulun əvvəlində Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbassda həlak olan 2 Rusiya jurnalistinin ölümündə və sərhədi qanunsuz keçməkdə ittiham olunur. N. Savçenko həbsdə olarkən Ukrayna Ali Radasının deputatı seçilib və ölkənin AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Bu il fevralın 10-da Moskvanın Basman rayon Məhkəməsi onun həbs müddətini mayın 13-nə qədər uzadıb.

Aclıq aksiyası keçirən N. Savçenko ukraynalı həkimlərin onu müayinə etməsinə şərait yaradılmasını tələb etmişdi.