Putinlə bağlı deyilənlərə azərbaycanlı dostundan REAKSİYA

14 Mart 2015 16:12 (UTC+04:00)

Son günlər Rusiya prezidenti Vladimir Putinlə, daha doğrusu, onun özəl həyatı ilə bağlı bəzi Qərb nəşrlərinə istinadən az qala sensasion sayılacaq məlumatlar yayılır. Bu və digər məsələlərə münasibət bildirmək üçün musavat.com saytı Vladimir Putinin tələbəlik dostu, hüquq üzrə professor İlham Rəhimova müraciət edib.

- İlham müəllim, son günlər Vladimir Putinin səhhəti və şəxsi həyatı ilə ilgili şayiələr çoxalıb. Sizcə, səbəb nədir, bu, onun rəqiblərininmi işdir? Rusiya prezidentinin harda olduğu haqda məlumatınız varmı, sağlamlığı yerindədirmi?

- Mən də bu barədə müxtəlif saytlardan oxumuşam. Yanılmıramsa, sizin sayt da yazıb.

- Biz məsələdən yan keçməyə çalışmışıq, çünki səhih informasiyalar olmayıb.

- Bilirəm. Ancaq xarici mətbuat bu barədə çox yazıb. Deyim ki, bunu özlərindən uydururlar, tavandan götürürlər. Vladimir Vladimiroviçlə bu yaxınlarda görüşmüşəm. Mən öz gözlərimlə gördüm və şahidiyəm ki, o, buz meydançada peşəkar xokkeyçilərlə saat yarım xokkey oynadı. Saat yarım, peşəkar xokkeyçi kimi! Siz heç bilirsinizmi, xokkey nədir, hansı güc, dözüm və cəsarət tələb edir bu idman növü? Yeri gəlmişkən, həm də yaxşı nəfəs tələb edir. Səmimi deyim ki, təəccübləndim. Mən özüm xokkey oynamıram, amma onu müşahidə etdim ki, o, əla idman formasındadır. Bax, bunun şahidi oldum. Belə şeyləri onun haqda yəqin o adamlar danışır ki, ya ona həsəd aparır, ya da ondan xoşlanmırlar. Vəssalam.

- Eyni vaxtda Putinin şəxsi həyatı ilə bağlı da söz-söhbətlər yayılıb...

- Yazırlar ki, o, İslamı qəbul edib. Siz bunu nəzərdə tutursunuz?

- Bəli.

- Nə deyə bilərəm İslamla bağlı. Yalnız bildiyim şeyi, çünki heç vaxt bilmədiyim şey haqda danışmıram. Hələ sovet dövründə, nə vaxt ki, çoxları nə kilsəyə, nə də məscidə yaxınlaşmağa çəkinirdi, Vladimir Putinin anası onu erkən yaşda gizli şəkildə kilsədə xaç suyuna saldırmışdı. Oğlunun boynuna sadə, adi bir xaç salmışdı – bunu o, indiyə kimi də gəzdirir, çıxarmır.

Həqiqətən də o, çox inanclı insandır, Allaha çox inanır. Dinə bağlılığını da heç vaxt reklam eləmir. Ancaq daxilən, gerçəkdən də Allaha çox inanan adamdır. Bununla yanaşı, həyatım boyu hələ heç vaxt görməmişəm ki, başqa bir dinin nümayəndəsi onun kimi İslama bunca səmimi şəkildə ehtiram bəsləsin. O, İslama çox böyük sayğı ilə yanaşır.

"Putin İslama böyük ehtiram bəsləyir, şayiələri onun düşmənləri uydurub"


- Rusiya prezidentinin İslamı qəbul eləməsi haqda iddiaların əsası ola bilərdimi?

- Fikrimcə, bu, yəqin ki, hazırda gedən müəyyən proseslərlə bağlıdır. Onun İslamı qəbul eləməsi kimi iddiadan daha axmaq bir şey düşünmək çətindir. Bu, heç lətifə də deyil. Bunu onun düşmənləri uydurub, ortaya atıb.

- Boris Nemtsovun qətli barədə də çox danışılır...

- Məsələ ondadır ki, bir var gümanlar, fərziyyələr, təxminlər irəli sürəsən – bunu siyasətçilər, jurnalistlər edə bilər. Mən isə hüquqşünasam. Hüquqşünas gümanlar, fərziyyələrlə danışa bilməz. Odur ki, hüquqşünas kimi bunu deyə bilərəm: gerçəyi yalnız o şəxs bilir ki, cinayət işi ilə, cinayət işinin materialları ilə, qətlin faktları ilə tanışdır. Kim ki, bu materiallarla tanış deyil, yalnız ehtimallar irəli sürə bilər.

Təhqiqatın bitməsini gözləmək lazımdır. Məhz o zaman hər şey aydın olacaq. Hələliksə, yalnız fərziyyələr mümkündür. KİV-lərdə izlədiyim qədər deyə bilərəm ki, ortaya atılan bir çox versiyaların əksəriyyəti qeyri-obyektivdir və siyasi rəng daşıyır. Hələ yeni faktlar üzə çıxa bilər. Heç nəyi istisna eləmək olmaz. Gözləmək lazımdır ki, istintaq başa çatsın.

- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, prezident əl sıxanda az qalır adamın barmaqları sınsın. Öz təcrübəniz nə deyir: həqiqətənmi görüşəndə Putin adamın əlini sındırır?

- (Gülür) O, yəqin ki, obrazlı ifadə edib. Tezliklə 45 ilimiz tamam olacaq ki, bir-birimizin əlini sıxırıq. Ancaq bir dəfə də olsun o, mənim əlimi sındırmayıb və ya əlimə xətər yetirməyib. Deyə bilərəm ki, o, əsl kişi kimi görüşür.

Musavat.com