Bu gün Novruzun son çərşənbəsidir

17 Mart 2015 09:10 (UTC+04:00)
Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq cərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Adamların ərzaq qıtlığından əziyyət çəkdikləri belə bir gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

Bayrama necə başlamaq lazımdır?

Bu çərşənbədə insanlar səhər tezdən bulaq başına və ya su üstünə gedərlər, suyun üzərindən tullanar, ürəklərindəki arzu-diləkləri suya danışarlar. Ədalətsizlik edənləri, nahaq qan tökənləri suya tapşırarlar. Bu, əhali arasında geniş yayılıb.

Axır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axır çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Axır çərşənbə gününün ertəsi günü ev sahibi bir ovuc buğda götürüb evin damına atar və bununla da evinə bərəkət-bolluq arzu etmiş olar. Bundan başqa, ev sahibi və ya ailə üzvlərindən biri kuzədə bir parça qara kömür, bir ovuc duz və bir neçə qara qəpik qoyar, sonra onları damdan atardılar. Deyilənə görə, kömür qara günün, duz acgözlük, gözüşorluluq, qəpik isə yoxsulluğun nişanəsidir. Ona görə də əcdadlarımız bununla özlərini yoxsulluqdan və bu kimi şeylərdən qurtarmağa çalışarmışlar.

Süfrəyə nə qoyulmalıdır?

İlaxır çərşənbədə süfrədə şamların qoyulması mütləqdir. Yeməklərin şahı plovdur və mifoloji anlamda götürsək, düyü bərəkət rəmzidir. Sözsüz ki, yazın gəlişi, təbiətin oyanmasının nişanəsi — səməni də olmalıdır. Eləcə də şəkərbura, paxlava kimi şirniyyatların olması bolluğa işarədir. Səməni xonçası hazırlayıb, bütün kənddə evləri gəzərlər, evində qara bayram olan və ya bayramı qeydə edə bilməyənləri bu xonçaya qonaq edərlər. Bundan başqa, kasıb insanların evlərinə bayram nemətləri aparmaq lazımdır. Bu bayram bir daha sübut edir ki, Novruz xeyirxahlıq, humanizm və bərabərlik bayramıdır.