Daşkəsən rayonunda Novruz şənliyi keçirildi - FOTOLAR

17 Mart 2015 17:14 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq təhsil, səhiyyə və mədəniyyət sahələrində, bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda yüksək səviyyədə, gözəl Novruz bayramı tədbirləri həyata keçirilib. Rayon əhalisi Novruz bayramı münasibətilə şən günlərini yaşayıb.

Daşkəsən şəhərinin mərkəzində, Heydər Əliyev abidəsinin qarşısındakı meydanda Novruz bayramı münasibətilə Daşkəsən rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etidiyi ümumrayon şənliyində milli geyimli qız Novruzun rəmzi olan səmənini Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə təqdim edib.

Əhəd Abıyev ümumrayon şənliyində daşkəsənliləri Novruz bayramı münasibətilə təbrik edib: "Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında danışarkən deyib ki, Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir.

Bu gün bu bayram tonqalının ətrafında toplaşmış bayram əhval – ruhiyyəli insanların əhatəsində birmənalı olaraq qeyd etməliyəm ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasi kurs ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir. Ona görə də bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin, ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir.

Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Bu bayram insanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadır. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Hər il Daşkəsən rayonunda Novruz bayramı sizin iştirakınızla geniş qeyd edilir, xalq yaradıcılığı günləri keçirilir, rəngarəng bayram tədbirləri təşkil olunur".

Ümumrayon şənliyində Daşkəsən rayon mədəniyyət evinin mahnı və rəqs ansamblı rəqslər təqdim edib, el ağsaqqalı Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Bayram şənliyində xalq çalğı alətləri ansamblının ifasında kompozisiya təqdim edilib, muğam üçlüyünün və rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önündə uşaqlar Ulu Öndərə, Vətənə həsr olunan şeirlər söyləyiblər.

Rayon mərkəzində bayram şənliyi başa çatdıqdan sonra Daşkəsən rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri həmişə olduğu kimi rayonun cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəyə əsgərlərlə görüşə gediblər.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Respublika Hərbi Prokurorluğunun məsul vəzifəli işçisi polkovnik Mahir Əhmədovla birgə bayram hədiyyələrini – 10 ədəd xarici qızıl saat, 7 ədəd müasir tipli televizor, 5 ədəd elektrik generatoru, 300 ədəd bayram xonçası olan Novruz sovqatını əsgərlərə və zabitlərə təqdim ediblər.

Bayram şənliyi Daşkəsən rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam edib.