“Tikdirənlər və sökdürənlər” – Seymur Baycandan yeni hekayə (18+)

18 Mart 2015 13:21 (UTC+04:00)



Dəhşət isti avqust günlərindən biri idi. İsti adamı minirdi. Paloçka bir dəstə qızla çimərliyə getmişdi. Əlbəttə ki, çimərlikdə adam əlindən tərpənmək olmurdu. Qızlar çimib, sərinlədikdən sonra sahildə çığır-bağırla voleybol oynayırdılar. Onlara yaxın yerdə şahmat taxtası arxasında üz-üzə iki oğlan oturmuşdu. Qızların səs-küyünü sanki heç eşitmirdilər. Hərə özlüyündə dərin fikrə dalmışdı. Bu vaxt Paloçkanın vurduğu top gəlib zərblə şahmat taxtasının düz ortasına dəydi. Adam istəsə heç belə dəqiq zərbə vura bilməz. Fiqurlar, vəzirlər, şahlar, atlar, toplar, fillər piyadalar qumun üstünə səpələndi. Oğlanlar başlarını qaldırıb qəzəbli təəccüblə yan-yörəyə baxdılar. Əgər bu zərbəni oğlan vurmuş olsaydı yəqin ki, dava düşəcəkdi. Paloçka qorxaq addımlarla yavaş-yavaş oğlanlara yaxınlaşaraq günahkarcasına üzr istədi:

- Bağışlayın... bilmədim.
- Əgər zərbəni vuran doğurdan da sizsinizsə eybi yoxdur, - oğlanlardan sağlam görünəni ayağa qalxaraq qərəzsiz, şən səslə cavab verdi. Elə şən səslə cavab verdi ki, qızın vurduğu topun şahmat taxtasının düz ortasına dəyməsindən sevinməyi açıq-aşkar hiss olundu. Təcrübəli Paloçka özü də oğlanın sevinməyini hiss etdi.

Oğlan "Siz mənim dostumu biabırçılıqdan qurtardınız, yoxsa mat olacaqdı" - dedi və suya diyirlənən topu götürüb ehtiramla Paloçkaya uzatdı.

- Buyurun.
- Təşəkkür edirəm.
-İndi ki, siz bizim oyunumuzu pozdunuz, onda icazə verin biz də sizinlə voleybol oynayaq.
- İcazə veririk. Məmnuniyyətlə.
- Gedək Nicat! Voleybol da şahmat deyil ki, oynamağı bacarmayasan.

Oğlan bayaqdan ağzını ayırıb bu dialoqa heyrətlə qulaq asan yoldaşının nazik boynundan yapışıb (keçmişdə belə nazik boyunları armud saplağına bənzədirdilər), onu asanlıqla yuxarı qaldırdı. Nicatın boynu bərk şaqqıldadı. Belə nazik boyunu bərk dartmaq çox təhlükəli idi. Boyun bədəndən qopa bilərdi. Nicatın boynunun şaqqıltısını Paloçka da eşitdi. Qız özünü nə qədər boğmağa çalışsa da, gülüşünü saxlaya bilmədi. Pıqqıldadı. Üstəlik bir könüldən min könülə oğlana vuruldu. Paloçka eyni zamanda həm mədəni, həm də kobud olmağı bacaran oğlan axtarırdı. Nəhayət ki, belə bir oğlana rast gəlmişdi. Deməli, qismətində varmış.

Həmin gün Paloçka qara eynək taxmışdı. Gün yandırmasın deyə üzünə krem yaxmışdı. Uzun saçlarını çalma kimi başına dolayıb, düyünləmişdi. İlk dəfə rast gəldiyi bu oğlanın qəzəblənmək əvəzinə belə alicənablıq göstərməsi, sonra dostunun nazik boynundan yapışıb kobudluqla yuxarıya dartması Paloçkanın çox xoşuna gəlmişdi. Başqası olsaydı, möhkəm hirslənərdi, topu götürüb təpiklə qırağa vurardı, hələ üstəlik bir-iki söyüş də söyərdi. Bəlkə də bıçaq çıxarıb topu bıçaqlayardı.

Qızların dəstəsinə çatıncaya qədər Paloçka danışmadı. Ancaq bir neçə dəfə çevrilib mənalı baxışlarını oğlanın üzündə, bədənində gəzdirdi. Oğlanın sifətindəki sivilizasiya əlamətləri, bədənindəki əzələlər, mədəniliklə kobudluğun sintezi qızın qəlbini təlatümə gətirdi. Paloçka düşündü: - Deməli, ilk baxışdan məhəbbət söhbəti yalan deyilmiş. Paloçka ilk baxışdan məhəbbət söhbətinə heç vaxt inanmırdı. Bu söhbətləri nağıl hesab edirdi. Onun düşüncəsinə görə bir insanın başqa bir insana ilk baxışdan vurulması mümkün deyildi. Bir insanın başqa insana vurulması üçün onların xeyli söhbət etməsi bir-birlərini tanımaları lazım idi. Həyatın nə qəribə işləri varmış. İndi Paloçka ilk baxışdan vurulmuşdu. Heç vaxt inanmadığı, nağıl hesab etdiyi ilk baxışdan vurulma söhbətinə inanmağa məcbur olmuşdu.

Oğlanlar qızlara qarışaraq voleybol oynamağa başladılar. Oğlan tez-tez zərbələr endirir, arabir dostuna müraciətlə "Nicat, qoyma" qışqıraraq oyunu qızışdırırdı. Hamıdan zəif Paloçka oynayırdı. Çünki onun fikri dağınıq idi. Nəzərlərini adını təzəliklə öyrəndiyi oğlandan yayındıra bilmirdi. Top yadından çıxırdı. Yeri gəlmişkən, oğlanın adı Kərəm idi. Paloçkanın uzun saçları açılıb dağılmışdı. Neçə dəfə yerə yıxıldığından tərli bədəni quma batmışdı. Uzun və dağınıq saçlar, quma batmış tərli bədən ona çox yaraşırdı. O, həyatında heç vaxt belə seksual görünməmişdi. Paloçka yamanca susamışdı. Dili-dodağı qurumuşdu. Lakin o, susamağının hayında deyildi. Kərəmlə voleybol oynamağı ürəyinin yanğısını söndürəcək sərin sudan daha çox istəyirdi. Kərəm ona göndərilən topu vurmadı. Topu tutub Paloçkaya yaxınlaşdı.
- Görürəm, yorulmusunuz. Daha bəsdir, dincəlin, - dedi və minnətdarlıq əlaməti olaraq əlini sinəsinə qoyub baş əydi.

Paloçka təəssüflənərək cavab verdi:

- Xeyr, mən hələ yorulmamışam... Mən ömrümün sonuna qədər yemədən-içmədən burda sizinlə voleybol oynamağa hazıram.


Bu dialoqdan dörd saat keçmişdi. Kərəm və Paloçka bulvarda söhbət edə-edə gəzir, gəzə-gəzə söhbət edirdilər. Yeni tanış olmuş digər adamlar kimi onlar da bir anda bir-birlərinə dəhşətli dərəcədə çoxlu söz demək istəyirdilər.
Təzə tanış olmuş cütlüklər görəndə onlara yazığım gəlir. İlahi, onlar nə qədər danışmalıdırlar. Məncə belə, məncə elə, mənim fikrimcə... Ailəyə, həyata, sevgiyə münasibətlərini bir-birlərinə izah etməlidirlər. Əgər cütlüklər sənətlə və siyasətlə maraqlanırsa vəziyyət daha da qəlizləşir. Paloçka və Kərəm bulvarda gəzə-gəzə bir-birlərinə nə demək mümkündürsə dedilər. Nədən danışmaq olardısa danışdılar. O qədər danışdılar ki, boğazları qurudu. Sürahiyə dirənib dənizə baxdılar. Acmışdılar. Yemək yemək qərarına gəldilər. Yer seçmək o qədər də çətin olmadı. Kərəm Gürcü restoranında oturmağı, balıq qızartması yeməyi və bir az qırmızı şərab içməyi təklif etdi. Paloçka sevinərək razı oldu. Amma şərt qoydu ki, hesabı özü ödəyəcək. Kərəm bu şərtlə razılaşmadı. Lakin hər ikisi bir az boşboğazlıq etdikdən sonra ortaq məxrəcə gəldilər. Gürcü restoranına gedəcəklər, balıq qızartması yeyəcəklər, qırmızı şərab içəcəklər və hesabı da Paloçka ödəyəcək. Çünki Paloçkanın vurduğu və şahmat taxtasının düz ortasına dəyən top sayəsində tanış olublar. Razılaşdılar. Kərəm və Paloçka bulvardan çıxıb Nizami küçəsinə tərəf yön aldılar. Yeriyərkən yenə də özləri haqqında danışırdılar. Gürcü restoranında az adam vardı. Sakit bir guşə seçib əyləşdilər. Sifarişlərini verdilər. Onlar çoxlu yedilər və nəzərdə tutulandan daha artıq çaxır içdilər. Restorandan çıxdılar. Taksiyə əyləşib dəniz kənarında yerləşən Yeni Asiya otelinə getdilər. Otelin restoranında meyvə salatı və bir şüşə qırmızı şərab sifariş verdilər. Salatı yeyib, şərabı içib otağa qalxdılar. Əvvəlcə ayrı ayrılıqda, sonra hər ikisi bir yerdə isti duş aldılar. Suyun altında xeyli mazaqlaşdılar. Duşdan çıxıb çarpayıya uzandılar. Uzun uzadı öpüşdülər. Bir-birlərini sığalladılar. Qızın bütün bədənini öpüşlərə qərq edən Kərəm çox ehtirasa gəlmişdi. Hər şeyin belə asanlıqla alınmasına görə özünü xoşbəxt hiss edirdi. Bərkimiş penisini qızın isti vaginasına daxil etmək istəyəndə Paloçka əlini vaginasının üstünə qoydu və həyəcanla dedi:

- Olmaz!
- Niyə olmaz?
- Mən bakirəyəm.
- Bıy. Bəs bu vaxta qədər özünü necə saxlamısan?
- Bilmirəm. Özüm də mat qalmışam. Möcüzədi.
- Doğurdan da möcüzədi...

Dilxor olmuş Kərəm əlində bərkimiş penis dedi:

- Tikdirərsən. Cəmisi min, uzağı min beş yüz manat xərci var. Mən verərəm.
- Söhbət pulda deyil. Oğlanlar bicləşiblər. Tikdirəndə bilirlər. Bir rəfiqəm tikdirmişdi. Toy gecəsi oğlan yatmamışdan əvvəl qızı əlli dəfə oturub-qalxmağa məcbur etmişdi. Rəfiqəmin də tikişi sökülmüşdü.
- Dəhşət
- Hə, doğurdan da dəhşətdir.
- Qanımızı qaraltma. Gül kimi gün keçirmişik. Əlini çək. İmkan ver, işimi görüm.
- Yox olmaz. Qətiyyən olmaz. Gəl daldan olaq, amma sən elə təsəvvür et ki, guya qabaqdan olursan.
- Daldan olub qabaqdan olmağı təsəvvür etmək mənim üçün çox çətindir.

Kərəm heç dəxli olmasa da bir atalar sözü də dedi. Heç özü də bilmədi bu atalar sözünü nəyə görə işlətdi: "Daldan atılan daş topuğa dəyər".

- Alacaqsan məni?
- Bilmirəm.
- Bəs əgər almayacaqsansa niyə qabaqdan olmaq istəyirsən? Niyə məni bədbəxt edirsən? Yazıq deyiləm? Mənim də arzularım var. Mən də başqaları kimi gəlin paltarı geyinmək istəyirəm...
- Yaxşı, yaxşı, dayan, başa düşdüm.

Onlar xeyli söhbət etdilər. Kərəm nə qədər dil töksə də, yalvarsa da qızı razı sala bilmədi. Axırda daldan olmağa razılaşmağa məcbur oldu. Çünki çox ehtiraslanmışdı. Boşalmaq, sakitləşmək, rahatlaşmaq istəyirdi.

Onlar səhərə qədər dörd dəfə daldan oldular. Səhər otelin restoranında kofe içdilər. Qız gümrah və şən görünürdü. Kərəm isə boşalsa da, sakitləşə də bir az kədərli idi. Dörd dəfə daldan olub qabaqdan olmağı təsəvvür etmək onu kədərləndirmişdi. Otelin qarşısında ayrıldılar. Ayrılanda Kərəm sinəsindən bir tük çıxarıb Paloçkaya uzatdı.

- Götür. İtirmə. Nə vaxt qabaqdan olmaq istəsən bu tükü yandır. Bir saniyəyə hüzurunda olacam.

Paloçka tükü Kərəmdən alıb pulqabısında gizlətdi...