Ölüm saçan məscid – Nazirlik tarixi abidənin məhvinə göz yumur (FOTO)

18 Mart 2015 16:01 (UTC+04:00)


AzNews.az xəbər verir ki, çiy kərpicdən inşa olunmuş məscidin restavrasiyaya ehtiyacı var. Kənd camaatının sözlərinə görə, məscid artıq aşmaq üzrədir. Bunu məscidə bayırdan baxanda da görmək mümkündür. Məscidin içərisindəki çatlar günü-gündən genişlənir, taxtadan hazırlanmış ikinci mərtəbə isə artıq yararsız vəziyyətə düşüb.

"Divarları çat verib. Baxanda elə təəssürat yaranır ki, kimsə məscidin yanında yüksək səslə danışsa, tikili aşacaq. Qorxa-qorxa hərəkət edirik ki, ibadət yerimiz, tarixi abidəmiz aşmasın. Eyni zamanda abidə içəridə insanlar olan vaxt dağılsa ölüm halları da ola bilər. Yağış yağanda da içəri su damır. Bərpa etsələr yaxşı olar",– deyə kənd sakinləri bildirib.

Məscidin dini icması Dövlət Komitəsindən qeydiyyatdan keçərək fəaliyyət göstərir. Məscid tarixi abidə kimi dövlət qeydiyyatından keçib. Məscidin qəzalı vəziyyəti barədə dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, məsələyə baxan olmayıb. Məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Suallarımızı nazirliyin Mədəni İrs şöbəsindən Zöhrab adlı şəxsin cavablandırmalı olduğunu dedilər. Gün ərzində nazirliyin mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sözügedən məsul şəxs telefonlarımıza cavab vermədi.









Nigar ETİBAR
AzNews.az