Azərbaycan vətəndaşları məmuru güllələdi- Ukraynada

26 Mart 2015 22:56 (UTC+04:00)


Virtualaz.org xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, silahlılar başqa avtomobildə həmin avtomobili təqib ediblər və ona atəş açıblar. Nəticədə təqib olunan avtomobilin sürücüsü yaralanıb.

Ukrayna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin insidentlə bağlı yaydığı açıqlamada isə deyilir: "Üç cinayətkar saxta nömrə nişanlı avtomobillə zərərçəkəni təqib ediblər. Paytaxtın mərkəzində şübhəlilərin yaxalanması zamanı cinayətkarlar atəş açıblar. Nəticədə təqib olunan maşının sürücüsü yaralanıb. Həmçinin şübhəlilərin yaxalanmasında iştirak edən milis əməkdaşlarından biri yaralanıb. Əməliyyat qrupu işi davam etdirir".

Daha sonra açıqlanıb ki, şübhəlilərin hər üçü Azərbaycan vətəndaşıdır.

Məlum olub ki, həmin şəxslər Ukrayna Ədliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşına sui-qəsdə cəhd ediblər. Milis həmin məmurun adını açıqlamayıb. Yalnız o bildirilir ki, yaralı məmur xəstəxanadadır, həyatı üçün təhlükə yoxdur.

Üç Azərbaycan vətəndaşı həmin məmuru "Fellini" restoranından çıxarkən təqib ediblər və onun maşınını atəşə tutublar. Sui-qəsddən sonra cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə çalışıblar, ancaq yaxalanıblar. Onların avtomobilinə baxış zamanı 4 tapança və avtomat tapılıb. Cinayətkarların nazirlik əməkdaşına avtomatdan atəş açdığı bildirilir. Onların yaxalanması əməliyyatında "Alfa" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri iştirak edib.

Kiyevin milis rəisi Aleksandr Tereşşukun açıqladığı son məlumatda isə deyilir ki, cinayətkarlar Ədliyyə Nazirliyinin əməkdaşına "Fellini" restoranının qarşısında atəş açıblar və hadisə yerindən iki maşınla qaçıblar. Onların yaxalanması üçün əməliyyat keçirilib, cinayətkarlar Bessarabsk bazarı qarşısında yaxalanıblar. Bu zaman atışma baş verib. Tereşşuk hər üç şəxsin Azərbaycan vətəndaşı olduqlarını təsdiq edib.