Polad Bülbüloğlunun müavini ermənilərdən üzr istəyib?- Açıqlama

31 Mart 2015 19:10 (UTC+04:00)

lent.az-ın məlumatına görə, diplomatımız facebook statusunda bildirib ki, son zamanlar sambo güləşi üzrə idmançımız Bəxtiyar Abbasovun erməni himninə göstərdiyi münasibət geniş müzakirə olunur:

"Sözü gedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə prezidiumda əyləşmişdim. Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman prezidiumda əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii, bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş samboçu, tanınmış siyasi-ictimai xadim Aslanbek Aslaxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, Bəxtiyarın uduzmağına təəssüf etdi.

Nəticədə bizim idmançımız 3-cü yer, erməni idmançı isə 1-ci yer tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən mən prezidiumu tərk etdim. Tədbirdən sonra ziyafətdə bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb, Bəxtiyar Abbasovun erməni himni səslənən zaman oturduğunu danışdılar və mənim oranı tərk etməyimi gedib Bəxtiyara məsləhət verməyim kimi qiymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyim və onun hərəkəti aramızda razılaşdırılmayıb. Həmçinin söylədim ki, Ermənistan dövləti və onun rəhbərliyi Azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, təcavüzkar dövlət olaraq 20% torpaqlarımızı işğal edib, 1 milyon qaçqınımız doğma yerlərindən didərgin düşüb, 100 il ərzində Qərbi Azərbaycandan - doğma yurdlarından planlı şəkildə azərbaycanlılar qovulub və Azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb".

Səfir müavini həmçinin onlara Xocalı soyqırımını xatırlatdığını qeyd edib: "BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda apardığı cəhdləri erməni tərəfin puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı təcavüzkar dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim. O ki qaldı üzr istəmək məsələsinə, bu, erməni KİV-nin növbəti uydurmasıdır".