Teatr direktoru səfiri qəbul etdi

1 Aprel 2015 17:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, professor İsrafil İsrafilov səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. Direktor Azərbaycan teatrının tarixi haqqında ətraflı məlumat verib, bu gün dünya teatr məkanına inteqrasiyanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirən teatrımızın qətiyyətlə ölkənin hüdudlarından kənara çıxdığını və Avropada tanındığını vurğulayıb.

Görüşdə Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı fikir danışıqlar aparılıb.

Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov əməkdaşlığın genişlənməsində qarşılıqlı qastrol səfərlərinin önəmini xüsusi vurğulayıb, həmçinin Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində Monteneqro müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasını təklif edib.

Monteneqro Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev səmimi qəbul üçün minnətdarlıqlarını bildirib, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.